“İrəli” İctimai Birliyi “Tətildə oxu” kampaniyasına start verib
Bakı, 16 mart, AZƏRTAC
“İrəli” İctimai Birliyi yeni koronavirus pandemiyasının sürətlə yayılmasını və təhsil müəssisələrinin fəaliyyətinin dayandırılmasını, bayram tətilinin başlamasını nəzərə alaraq “Tətildə oxu” kampaniyasına start verib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, kampaniyanın əsas məqsədi gənclər arasında mütaliənin səviyyəsini artırmaq, onların asudə vaxtlarını səmərəli keçirməyə təşviq etmək və kitab oxumaq vərdişini gücləndirməkdir.
Kampaniyanın iştirakçıları tətil müddətində oxuduqları kitabın adı, müəllifi və mövzusu ilə bağlı məlumatları #TətildəOxu, #ireli2020, #Azerbaijan həştəqlərdən istifadə edərək paylaşmaqla bu təşəbbüsə dəstək verə bilərlər.
“İrəli” İctimai Birliyi hazırda gündəmdə olan və ölkə səviyyəsində sosial izolyasiya tədbirlərinin nəticəsi olaraq bir çox tədbirlərin formatını dəyişərək, onlayn şəkildə davam etdirəcək. İlk onlayn infosessiya “Sağlam Düşüncə” Gənclər Təşkilatının (SDGT) beynəlxalq əlaqələr üzrə koordinatoru və Erasmus+ Gənclik və Avropa Həmrəylik Korpusu üzrə Azərbaycanda Rəsmi Məlumat Mərkəzinin əlaqələndiricisi Ramiz Əliyev tərəfindən Erasmus+ və Avropa Həmrəylik Korpusu ilə bağlı olacaq. Layihə çərçivəsində bu gün saat 19:00-da İctimai Birliyin “Facebook” səhifəsində canlı yayım keçiriləcək.