İŞĞALÇI ERMƏNİSTANIN ETNİK TƏMİZLƏMƏ SİYASƏTİNİ İFŞA EDƏN SƏNƏD HAZIRLANMIŞDIR
Bu sənəddə Ermənistanın azərbaycanlılara qarşı sistemli şəkildə ardıcıl olaraq apardığı etnik təmizləmə siyasətinin tarixi mərhələləri konkret faktlarla açıqlanmış, bunun Ermənistan tərəfindən bir dövlət siyasəti olaraq daim həyata keçirildiyi vurğulanmışdır.
Ermənilərin Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə siyasəti AŞPA-da bir neçə dəfə qaldırılmışdır. Lakin ilk dəfədir ki, bu məsələ xüsusi bir sənəd halında təqdim olunur.
R.Hüseynov bildirmişdir ki, ermənilərin xalqımıza qarşı apardığı etnik təmizləmə siyasəti ilə bağlı hazırladığı müxtəlif sənədlər, beş ildən artıq bir müddət ərzində Avropa Şurasının partiya qruplarında, komitələrində, açıq iclaslarında etdiyi çıxışlar onunla nəticələnmişdir ki, 2005-ci il yanvarın 25-də qəbul olunmuş qətnamədə Ermənistanın apardığı etnik təmizləmə siyasəti konkret olaraq təsbit edilmişdir. Yəni artıq Avropa Şurasının rəsmi sənədində Ermənistan təkcə təcavüzkar, Dağlıq Qarabağ rejimi yalnız separatçı bir rejim kimi deyil, həm də Azərbaycan xalqına qarşı etnik təmizləmə aparan rejimlər kimi təqdim olunmuşdur. Ermənistanın Azərbaycana qarşı təcavüz siyasətinin ən qəddar mərhələlərindən biri olan etnik təmizləmənin mahiyyəti haqqında fikir AŞPA-da nə qədər aydın olarsa, Ermənistanın üzv olaraq qalması daha da çətinləşəcəkdir.
Sənəddə deyilir:
“Avropa Şurası Parlament Assambleyasının 2005-ci il yanvarın 25-də qəbul etdiyi 1416 saylı qətnamənin ilk bəndində təcavüzkar Ermənistanın Azərbaycana qarşı etnik təmizləmələr apardığı konkret olaraq göstərilmişdir. Ali məqsədi “dənizdən dənizə Böyük Ermənistan” yaratmaq olan bu işğalçı dövlət və ona havadarlıq edən erməni lobbisi bu gün yalnız Azərbaycana qarşı deyil, dünyanın bir sıra başqa ölkələrinə də ciddi təhlükə mənbəyidir. Kompakt yaşadıqları müxtəlif ölkələrdə separatizm, etnik təmizləmələr, terrorizm xətti tutaraq “balaca Ermənistanlar” yaratmaq üçün açıq və gizli fəaliyyət göstərən erməniçilik yalnız ümumi səylər əsasında susdurula bilər. Bu təhlükəli fenomenə qarşı mübarizə aparmaq üçünsə onun anatomiyasını təfərrüatı ilə araşdırmaq lazımdır. Ermənistanın və erməniçiliyin azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasətinə bu mənada xüsusi diqqət yetirməyə ehtiyac var. Ermənilər azərbaycanlılara qarşı bu siyasəti bir əsrdən artıq zamanda məqsədyönlü şəkildə gerçəkləşdirmişlər.
1905-ci ilin əvvəllərində Bakıda, Naxçıvanda, İrəvanda, Zəngəzurda kütləvi qırğınlar törədən ermənilər həmin il noyabrın 28-də Qarabağda – Şuşa, Cavanşir, Cəbrayılda, eləcə də Gəncədə minlərlə azərbaycanlını ən sadist üsullarla qətlə yetirmişlər.
1914-cü ildə ermənilər Cənubi Azərbaycandakı Xoy, Urmiyə, Səlmas vilayətlərində 150 min, Qars, Ərdəhan, Ərzurumda 200 min azərbaycanlını öldürmüşlər.
1918-ci ildə bolşevik hakimiyyətini bərqərar etmək pərdəsi altında və bolşeviklərin də bilavasitə yardımından istifadə edərək, ermənilər Bakı, Şamaxı, Quba, Kürdəmir, Lənkəranda təkcə mart, aprel, may aylarında 50 mindən çox azərbaycanlının həyatına son qoymuşlar. Ermənilər həmin qırğınları bir az da qəddar şəkildə Qarabağda, Zəngəzurda, Qarsda, İrəvanda da davam etdirmişlər.
1920-1960-cı illər arasında Azərbaycanda Dövlət Təhlükəsizliyi Komitəsi sıralarında kütləvi şəkildə yerləşdirilmiş ermənilər Azərbaycanın ən seçmə övladlarına və nəsillərinə qarşı qanlı repressiyaların həyata keçirilməsini təmin etmiş, Azərbaycanın minlərlə dəyərli ziyalısının yox edilməsinə nail olmuşlar. Keçmiş DTK arxivlərindəki yüzlərlə qondarma cinayət işinin bu gün açılan sənədləri ermənilərin həmin təşkilat vasitəsilə azərbaycanlılara qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin nəhəng miqyaslarını konkret və inkarolunmaz faktlarla nümayiş etdirir.
1930-1937-ci illərdə etnik təmizləmələr və soyqırımının növbəti və daha ağır mərhələsini gerçəkləşdirmək məqsədi ilə Azərbaycanın Ermənistanla həmsərhəd olan rayonlarından 50 mindən çox azərbaycanlı Sibir və Qazaxıstana sürgün edilmişdir.
Ermənilərin Kremldəki təmsilçiləri vasitəsilə SSRİ Nazirlər Soveti tərəfindən qəbul edilməsinə nail olduqları 1947-ci il 23 dekabr tarixli 4083 və 1948-ci il 19 mart tarixli 754 nömrəli qərarlara əsasən, 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan ərazisindəki tarixi yurdlarından amasızlıqla deportasiya edilmiş, fiziki məhvlərini sürətləndirmək üçün onlar məqsədli şəkildə əsrlərcə yaşadıqları yerlərin iqlimi ilə tam əks olan sərt təbiətli uzaq ərazilərə köçürülmüşlər. Sürgün edilənlərin əksəriyyəti ya son dərəcə ağır olan deportasiyalar zamanı fiziki işgəncələrə dözməyərək həlak olmuş, ya da köçürüldükləri yerlərin iqliminə uyğunlaşa bilməyərək, bu soyqırımını həyata keçirənlərin irəlicədən planlaşdırdığı kimi, qısa müddətdə kütləvi şəkildə xəstəliklərə tutularaq qırılmışdır.
1988-ci il noyabrın 22-də Ermənistan Ali Sovetinin qəbul etdiyi məxfi qərara əsasən, azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin XX əsrdəki son və ən qorxunc mərhələsi başlanmışdır. Noyabrın 22-dən 28-dək Ermənistan ərazisindəki 22 rayonda daimi yaşayan 300 min azərbaycanlının bir qismi xüsusi amansızlıqla qətlə yetirilmiş, qalanları isə real ölüm təhlükəsi ilə üz-üzə qoyularaq, ölkədən qaçmağa məcbur edilmişdir. Həmin vaxtdan başlayan və 1992-ci ildə tamamlanan hərbi təcavüz nəticəsində Azərbaycan Respublikasının 12 rayonunu əhatə edən 17 min kvadratkilometrlik ərazi Ermənistan tərəfindən ələ keçirilmiş və orada yaşayan 700 minə yaxın azərbaycanlı məcburi köçkünə çevrilmişdir. Nəticədə, hazırda Ermənistan monoetnik dövlətə çevrilmiş, orada bircə nəfər belə azərbaycanlı qalmamış, Azərbaycanın işğal altında olan və azərbaycanlılardan təmizlənmiş 20 faiz ərazisini də ermənilərlə məskunlaşdırmaq səmtində ardıcıl iş aparılmaqdadır. Törətdiyi böyük cinayətlərin müqabilində layiq olduğu cəzasını almayan Ermənistan dünyaya və beynəlxalq hüquq normalarına meydan oxuyaraq nail olduğu etnik təmizləmələri, işğal olunmuş Azərbaycan şəhərlərinin azərbaycanlılardan tam boşaldılması günlərini ölkə prezidentinin iştirakı ilə xüsusi bayramlar kimi qeyd etməkdən belə çəkinmir.
Bütün bunları nəzərə alaraq və problemin ciddiliyini əsas götürərək Assambleya-
etnik təmizləmələrin bütün formalarda mövcudluğunu pisləyir və yolverilməzliyini vurğulayır;
məsələnin müvafiq komitələrdə müzakirəsini məqsədəuyğun sayır. Qaldırılan məsələnin dərindən və hərtərəfli şəkildə araşdırılması məqsədi ilə ayrıca məruzəçi təyin edilməsini münasib bilir.
Avropa Şurasında qəbul olunmuş qaydalara əsasən, qurumun bürosunda baxıldıqdan sonra bu sənədə müvafiq komitədə, həm monitorinq komitəsində, həm də Hüquqi məsələlər və insan hüquqları komitəsində baxılması mümkündür. Cünki, sənədin ehtiva etdiyi problemlər bu üç komitənin müzakirə dairəsinə daxildir. Lakin etnik təmizləmələr siyasəti zamanı Ermənistanın əlavə olaraq ekoloji müharibə aparmaq siyasətində gördüyü çox ziyanlı işlər həmin sənədin eyni zamanda ətraf mühit komitəsində də müzakirəsini zəruri edir”.
Sənədi Fransa, İtaliya, Rumıniya, Türkiyə və digər ölkələrdən olan deputatlar imzalamışlar. Sənəd nəşr olunaraq yayılmış və Avropa Şurasının internet saytında yerləşdirilmişdir.