İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin nümayəndələri Ombudsman Aparatında olublar
Bakı, 24 oktyabr, AZƏRTAC
İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT) prezidenti Mikola Gnatovskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, müvəkkil 2008-ci il dekabrın 2-də BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyasının Fakültativ Protokoluna qoşulduqdan sonra Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 13 yanvar tarixli Sərəncamı əsasında Milli Preventiv Mexanizm (MPM) funksiyalarını yerinə yetirən təsisat qismində müvəkkilin müəyyən olunması, bu səlahiyyətlərlə bağlı Ombudsman haqqında Konstitusiya Qanununa dəyişikliklərin edilməsi haqqında məlumat verib.
Diqqətə çatdırılıb ki, bu istiqamətdə sistemli fəaliyyətin təşkili məqsədilə təsisatda müvafiq struktur bölmə, həmçinin Milli Preventiv Qrup yaradılıb. Saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədikləri yerlərə qrup tərəfindən müntəzəm olaraq planlı və plandan kənar başçəkmələr həyata keçirilir.
Qeyd edilib ki, başçəkmələr zamanı saxlanılan şəxslər konfidensial şəkildə qəbul edilir, onların müraciətləri qəbul olunur, müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilir, bundan başqa hər bir başçəkmədən sonra müvafiq qurumlara müraciət edilir, tövsiyələr verilir, keçirilən başçəkmələrin nəticələri təhlil edilərək hesabat şəklində dərc edilir.
Hər bir polis şöbəsində, o cümlədən penitensiar müəssisələrdə və şəxslərin öz iradəsi ilə tərk edə bilmədikləri yerlərdə işgəncələr və uşaq hüquq pozuntusu ilə bağlı məlumatları qəbul edən 24 saat fəaliyyət göstərən “qaynar xətt” lövhələrinin asıldığı qeyd olunub.
E.Süleymanova ölkə Prezidentinin 2017-ci il 10 fevral tarixdə “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə Sərəncam imzaladığını, vaxtilə müvəkkilin də alternativ cəza metodlarının tətbiqi üzrə bir sıra təkliflər verdiyini diqqətə çatdırıb.
Ombudsman və təsisatın əməkdaşları tərəfindən insan hüquqlarının müxtəlif sahələri üzrə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası, hakimliyə namizədlər, penitensiar xidmətə və tibb xidmətinə yeni qəbul edilmiş əməkdaşlar, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının müdavimləri və xidmət əməkdaşları üçün mütəmadi olaraq hüquqi maarifləndirmə tədbirlərinin keçirilməsinin ombudsman təsisatı ilə əməkdaşlığın qurulması baxımından önəmli olduğu bildirilib.
Eyni zamanda, qeyd edilib ki, Azərbaycan ombudsmanı Avropa İttifaqının Tvinninq layihələrində fəal iştirak etməkdədir.
Əlavə edilib ki, ilk “Tvinninq Light” layihəsi çərçivəsində ombudsmanın MPM kimi fəaliyyətinin inkişaf etdirilməsi xüsusi bir komponent kimi nəzərdə tutulub və MPM-in Nizamnamə və təlimatlarının hazırlanması prosesində iki CPT nümayəndəsi ekspert qismində iştirak edib.
Bildirilib ki, hazırda davam edən və sayca ikinci Tvinninq layihəsində də əsas komponentlərdən birini ombudsmanın MPM kimi fəaliyyətinin inkişaf etdirilməsi təşkil edir.
Mikola Gnatovski MPM-in fəaliyyətini yüksək qiymətləndirib, ombudsman təsisatı ilə CPT arasında əməkdaşlığın önəmini vurğulayıb.
Qonaqların ombudsmanın MPM mandatı, Milli Preventiv Qrupun fəaliyyəti, tərkibi, başçəkmələrin formatı və digər məsələlərlə bağlı sualları ətraflı cavablandırılıb.