İSMAYILLI XƏBƏRLƏRİ
Respublikamızda bələdiyyələrin fəaliyyəti getdikcə hiss edilməyə başlayır. Bu baxımdan, İsmayıllı rayonu da istisna deyildir. Yerli bələdiyyənin sədri Cümşüd Hacıyev deyir ki, əlavə iş yerlərinin açılması, abadlıq işləri, gənclərin asudə vaxtlarını səmərəli keçirməsi, kimsəsiz adamlara, şəhid ailələrinə imkan daxilində qayğı göstərilməsi və s. məsələlər diqqət mərkəzindədir. İndiyədək xeyli adam işlə təmin olunmuşdur, daxili imkanlar hesabına əlavə vəsaitin əldə edilməsi sayəsində 63 ailəyə yardım göstərilir. İdman-sağlamlıq mərkəzi yaradılmış, futbol meydançası yararlı hala salınmışdır. Bu işdə Seçki Sistemləri üzrə Beynəlxalq Fond böyük kömək göstərmişdir. Rayonun nümayəndəsi Hacıhikmət Əhmədov Fransada veteranlar arasında keçirilən beynəlxalq turnirdə bürünc medala layiq görülmüşdür. Onun həmin yarışda iştirakının xərclərini bələdiyyə ödəmişdir. İndi icra hakimiyyəti ilə birlikdə yaxın və uzaq perspektiv üçün inkişaf konsepsiyası hazırlanmışdır. Nəzərdə tutulan tədbirlər sırasında toxuculuq və tikiş sexlərinin açılması da var və bununla bağlı müvafiq orqanlara müraciət olunmuşdur.
X X X
Ali məktəblərə test imtahanları zamanı ən yüksək bal toplayan abituriyentlər arasında rayonun məzunları da var. Ötən il 200-dək məzun ali məktəblərə daxil olmuşdur. Məktəblərdə təlim-tərbiyə işlərinin keyfiyyətini yüksəltmək, bunun üçün lazımi şərait yaratmaqdan ötrü mümkün olan tədbirlər görülür. Rayonun 90 məktəbində təmir işləri aparılmışdı. Sərt keçən qış aylarında məktəblərin yanacaqla təmin olunması üçün 100 milyon manatdan çox vəsait lazımdır, lakin bunun cəmi üçdə biri ayrılmışdı. Rayon icra hakimiyyətinin, bələdiyyənin, meşə təsərrüfatı idarəsinin köməyi sayəsində bu problemi həll etmək mümkün olmuşdur. İsmayıllı məktəbliləri idmana da böyük maraq göstərirlər. Respublikada taekvondo yarışlarında onlar iki qızıl və bir gümüş medal qazanmışlar.