İSMAYILLIDA MƏİŞƏT TULLANTILARININ İDARƏ OLUNMASI POLİQONU İSTİFADƏYƏ VERİLMİŞDİR
İsmayıllı, 21 iyul (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, rayonun Quşencə kəndi ərazisində Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə məişət tullantılarının idarə olunması poliqonu tikilib istifadəyə verilmişdir. Poliqon 1,2 hektardan çox ərazini əhatə edir. Burada çeşidləmə zalı, 3 anbar və tullantıların yandırılması kamerası inşa olunmuşdur. Ərazi abadlaşdırılmış, 950 ədəd müxtəlif növ ağac əkilmişdir.
Respublikamızda ilk layihə olan bu poliqon rayonda ətraf mühitin qorunmasına, ekoloji tarazlığın təmin olunmasına böyük töhvə verəcəkdir.
Poliqonunun istifadəyə verilməsi münasibəti ilə rayonda açılış mərasimi keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə rayon mərkəzində ulu öndərimiz Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə tər çiçəklər qoymuşlar.
Mərasimdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov, Yaponiyanın Azərbaycandakı səfiri Masamitsu Oki, respublika ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, layihənin icraçısı-Azərbaycan İcma İnkişaf Mərkəzi milli QHT-nin icraçı direktoru Yasin Dadaşov çıxış etmişlər.
Yaponiya ilə Azərbaycan arasında qarşılıqlı əməkdaşlıq və dostluq münasibətlərinin dərinləşdiyini, Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə respublikamızda, o cümlədən İsmayıllıda yeni layihələrin reallaşdırıldığını diqqətə çatdıran natiqlər buna görə səfirə təşəkkür etmişlər.
Qeyd olunmuşdur ki, “Ekologiya ili”ndə İsmayıllıda həyata keçirilən bu layihə Prezident İlham Əliyevin ekoloji tarazlığın qorunmasına, ətraf mühitin mühafizəsinin möhkəmləndirilməsinə, nəticə etibarı ilə insanların sağlam və gümrah həyat tərzi keçirmələrinə göstərdiyi diqqət və qayğının parlaq təcəssümüdür.
Bildirilmişdir ki, poliqonun istifadəyə verilməsi sayəsində bir il müddətində tullantıların həcmi iki dəfə azalacaqdır. Tullantıların toplandığı sahə bir ildə 6 hektardan 3 hektaradək azalacaqdır. Çeşidlənmə nəticəsində isə emal müəssisələrinə xammal satılacaqdır.
Mərasim iştirakçıları sonra poliqonu gəzmiş, anbara, çeşidləmə sexinə və yandırılma kamerasına baxmışlar.