İspaniya millisindən rekord göstəricilər: Məğlubedilməz komanda, tarixə düşən futbolçular
Bakı, 19 noyabr, AZƏRTAC
Ötən gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində İspaniya və Türkiyə yığmaları arasında keçirilən oyun (2:2) ev sahibi komanda üçün bir sıra maraqlı statistik göstəricilərlə yadda qalıb.
AZƏRTAC Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadla xəbər verir ki, İspaniya 1992-ci ildən bəri heç bir böyük turniri buraxmayıb. Komanda son 17 dünya və Avropa çempionatlarının hamısında iştirak edib.
“Real Sosyedad”ın hücumçusu Mikel Oyarsabal İspaniya millisinin 105 illik tarixində ardıcıl 9 oyunda qol və ya məhsuldar ötürmə ilə yadda qalan ilk futbolçu olub. O, bu il 9 qolla yığmanın bombardiri seçilib. Oyarsabal bu göstəricidə yalnız Raul Qonsales (1999 – 10 qol) və David Vilyadan (2008 – 12, 2009 – 11) geri qalıb.
Ulduz hücumçu, həmçinin İspaniya millisində ən çox qol vuran bask futbolçular siyahısında Xulio Salinasın (22 qol) rekordunu təkrarlayıb. Növbəti yerləri Telmo Sarra (20 qol) və Lanqara (17) tuturlar.
“Barselona”nın üzvü Dani Olmo Türkiyə ilə matçda fərqlənməklə İspaniya millisində ən çox qol vuran kataloniyalı futbolçuların siyahısında Xavi Ernandesə çatıb – 12 qol. Siyahıya hazırda İtaliya təmsilçisi “Komo”nu çalışdıran Sesk Fabreqas (15 qol) başçılıq edir. PSJ-nin yarımmüdafiəçisi Fabian Ruis isə yığmada debüt endiyi andan indiyədək meydana çıxdığı 41 oyunda məğlubiyyət üzü görməyib.
Türkiyə ilə matçda iki qol buraxan “Atletik”in qapıçısı Unay Simonun 550 dəqiqəlik “quru seriya”sı başa çatıb.
İspaniya yığması dünya çempionatlarının seçmə mərhələləri tarixində evdə keçirdiyi matçlarda məğlub olmayıb. Onlar doğma meydanda oynadıqları 64 görüşdə 54 qələbə, 10 heç-heçə ilə yadda qalıblar. Bu rekord ən azı 2033-cü ilə qədər davam edəcək. İspaniya DÇ-2030-un ev sahiblərindən biri olduğu üçün 2033-cü ilə qədər seçmə mərhələ oyunlarında iştirak etməyəcək.
Bundan başqa, komanda mundialların seçmə mərhələlərində ardıcıl 49 oyunda qol vuraraq dünya rekorduna imza atıb.