İsraildə ümummilli lider Heydər Əliyevin büstünün açılışı olub
Bakı, 11 may, AZƏRTAC
Beynəlxalq “İsrail-Azərbaycan” Assosiasiyası (“Azİz”) xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümlərini ənənəyə uyğun olaraq silsilə tədbirlərlə qeyd edir. Bu əlamətdar günə müxtəlif mədəni tədbirlər, o cümlədən tamaşalar, konsertlər, sərgilər həsr olunur.
Assosiasiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mayın 10-da “Azİz”in yanında fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) ulu öndər Heydər Əliyevin büstünün təntənəli açılış mərasimi keçirilib.
Mərasimdə çıxış edən bu incəsənət əsərinin müəllifi Ninel Şaxova deyib: “Mən işə başlamazdan əvvəl xeyli hazırlaşdım, çoxsaylı fotoşəkilləri, portretləri gözdən keçirdim. Nəhayət, mənə lazım olanını tapdım. Fotoşəkildən mənə güclü, lakin bir qədər yorğun olan insan müdrik nəzərlərlə baxırdı. Bütün bunları gipsdə əks etdirmək lazım idi. Ümid edirəm ki, istəyimə nail ola bilmişəm”.
Maraqlıdır ki, mayın 10-u həm də heykəltəraşın ad günüdür. Onun sözlərinə görə, bu mühüm əsərinin müvəffəqiyyəti onun üçün ən gözəl hədiyyə olub.
AMM-in foyesində yerləşdirilən büstün açılış mərasimində rəmzi qırmızı lenti Afula şəhərinin meri İshaq Miron kəsib. O, çıxışında deyib: “Son 20 ildə Azərbaycan və yəhudi xalqları arasında əlaqələrin inkişaf etməsi və möhkəmlənməsi mənə yaxşı məlumdur. Lakin böyük Qələbənin 70 illiyini qeyd etdiyimiz bu günlərdə mən bir məqamı da kəşf etdim ki, onu burada xatırlamaya bilmərəm. Bu günlərdə “National Geographic” kanalında azərbaycanlıların İkinci Dünya müharibəsində qəhrəmanlıqlarını əks etdirən sənədli filmə baxdım. Bu filmə baxmamışdan əvvəl təsəvvürümə belə gətirə bilməzdim ki, nasistlərin darmadağın edilməsində Bakı nefti necə rol oynayıb. Mən üzərimə düşən missiyadan qürur duyuram. Mədəniyyət proqramlarının mübadiləsini və əməkdaşlığı inkişaf etdirmək üçün Azərbaycanın şəhərlərindən biri ilə dostluq əlaqələrinin qurulmasından şad olardım”.
Sonra AMM-in direktoru Yeganə Salmanın Heydər Əliyev şəxsiyyətinin tarixi roluna, Azərbaycanın inkişafı və çiçəklənməsi yolunda misilsiz xidmətlərinə həsr olunan məruzəsi dinlənilib.
Mərasim musiqili proqram ilə başa çatıb. Gənc opera müğənnisi Miryam Hacıyeva bəstəkar Tofiq Quliyevin və maestro Niyazinin əsərlərini ifa edib, bu görkəmli musiqi xadimlərinin həyat və yaradıcılıqları haqqında məlumat verib.
Tədbirdə qonaqlara təqdim olunan Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş kitablar böyük maraqla qarşılanıb.
Ulu öndər Heydər Əliyevin doğum gününün qeyd olunması və büstünün açılış mərasimində iştirak etmək üçün Afulaya İsrailin Akko, Kiryat Yam, Natseret, Netaniya və digər şəhərlərinin bələdiyyələrinin nümayəndələri də iştirak ediblər.