İsrailli həkimlər tərəfindən qazilərin müayinə və müalicələri davam edir
Bakı, 3 mart, AZƏRTAC
“YAŞAT” Fondunun təşəbbüsü ilə ölkəmizə gələn israilli həkimlər tərəfindən qazilərimizin müayinə və müalicəsi davam edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, dörd gün ərzində israilli həkimlər 130 qazimizi müayinə ediblər. Onlardan 22-si əməliyyat edilib, 25-nə protez göz taxılıb, digərlərinin əməliyyatı isə növbəti günlərdə baş tutacaq.
Xatırladaq ki, "YAŞAT” Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyilə İsraildən Azərbaycana tibbi-humanitar yardım məqsədilə oftalmoloqlardan ibarət nümayəndə heyəti gəlib.
8 nəfərlik həkim heyəti Vətən müharibəsində yaralanmış qazilərimizin oftalmoloji cərrahi və tibbi müalicəsi məqsədilə humanitar yardım çərçivəsində ölkəmizə gəlib.
Həkimlər gözündən zədə almış hərbçilərimizin müayinəsini və əməliyyatlarını həyata keçirəcəklər.
“YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.
Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau
Həmçinin Fondun 8110 “Çağrı mərkəzi@ fəaliyyət göstərir.