İstanbulda keçirilən turnirdə Olimpiya Oyunlarına lisenziya qazanan idmançılarımız Vətənə qayıdıblar
Bakı, 19 yanvar, AZƏRTAC
İstanbulda keçirilən taekvondo üzrə lisenziya xarakterli Avropa təsnifat turnirində uğurla çıxış edərək “Rio-2016” Yay Olimpiya Oyunlarına vəsiqə qazanan idmançılarımız Vətənə qayıdıblar.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda taekvondoçularımız - Fəridə Əzizova, Milad Beigi Hərçəqanı və Patimat Abakarovanı azarkeşlər və Azərbaycan Taekvondo Federasiyasının nümayəndələri qarşılayıblar.
Qazandıqları qələbəni Azərbaycan xalqına həsr etdiklərini söyləyən idmançılar yarışa çox ciddi hazırlaşdıqlarını bildiriblər. Vurğulanıb ki, turnirdə həm lisenziya qazandığımız, həm də 3 qızıl medalla ölkəmizə qayıtdığımız üçün böyük qürur və sevinc hissi keçiririk. Məşqlərimizi intensivləşdirib Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarında bu nailiyyətləri davam etdirməyə çalışacağıq.
Qeyd edək ki, milli komandanın lideri Radik İsayev 2015-ci ilin dekabrında Meksikadakı Qran-pri turnirində Olimpiadaya iştirak hüququnu təmin etmişdi.
Beləliklə, Braziliyada təşkil ediləcək Olimpiadada ölkəmizi 4 taekvondoçumuz - Radik İsayev, Milad Beigi Hərçəqanı, Fəridə Əzizova və Patimat Abakarova təmsil edəcəklər.