İstanbulda ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub
İstanbul, 10 may, AZƏRTAC
Azərbaycan xalqının Ümummilli Liderinin anadan olmasının 92-ci ildönümü münasibətilə İstanbulun Sarıyer rayonundakı Heydər Əliyev Parkında mərasim keçirilib.
İstanbuldakı Baş konsulluğumuz tərəfindən təşkil olunan mərasimdə Azərbaycan və Türkiyə ictimaiyyətlərinin görkəmli nümayəndələri, deputatlar, Sarıyer bələdiyyəsinin rəhbərliyi, İstanbuldakı diplomatik korpusun və beynəlxalq təşkilatların başçıları, Türkiyə ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr və müdavimlər, hərbiçilərimiz, yerli və xarici media nümayəndələri iştirak ediblər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Sonra mərasim iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzdülər.
Tədbirdə baş konsul Həsən Zeynalov, Milli Məclisin deputatları Eldar İbrahimov və Nizami Cəfərov, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Mərkəzinin baş direktoru Akkan Suver, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası idarə heyətinin sədri Bilal Dündar və başqaları çıxış ediblər.
Heydər Əliyevin xilaskarlıq missiyasından, yarım əsrə yaxın dövrü əhatə edən siyasi hakimiyyəti illərində gördüyü böyük işlərdən danışan çıxışçılar bildiriblər ki, Ulu Öndər siyasi fəaliyyətinin bütün dövrlərində Azərbaycanın hərtərəfli yüksəlişinə və dövlətimizin möhkəmlənməsinə, Azərbaycan-Türkiyə münasibətlərinin davamlı inkişafına xüsusi diqqət göstərib.
Çıxışlarda Ulu Öndərin siyasi fəaliyyətinin bütün istiqamətləri, yüksək insani keyfiyyətləri, məram və məqsədləri barədə iştirakçılara müfəssəl məlumat verilib.
Mərasimdə İstanbuldakı Baş konsulluğumuz tərəfindən media təmsilçilərinə ulu öndər Heydər Əliyevin zəngin və mənalı ömür yolu barədə hazırlanmış yazılı məlumatlar paylanıb.
Tədbir çərçivəsində iştirakçılar Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün ərazidə yerləşən büstü önünə də tər çiçəklər düzüb, xatirəsini ehtiramla yad ediblər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul