İsveç mediasında “Qərbdən Şərqə folklor cazının tarixi” filmi barədə məqalə yayımlanıb
Stokholm, 1 may, AZƏRTAC
İsveçdə diplomatlar, siyasətçilər, diplomatik korpus əməkdaşları və səfirliklər üçün hazırlanmış “Diplomatic World Sweden” saytı Beynəlxalq Caz Gününə həsr olunmuş “Qərbdən Şərqə folklor cazının tarixi” sənədli filmi haqqında material dərc edib.
AZƏRTAC xəbər verir ki, isveçli fotoqraf və rejissor Mikael Silkeberqin filmi İsveç ilə Azərbaycan arasında cazın xalq ənənələri ilə qovuşduğu musiqi dialoqundan bəhs edir.
Müəllif qeyd edir ki, filmdəki hadisələr Stokholmda başlayır və pianoçu Yan Yuhanssonun İsveç musiqi mədəniyyətinin mühüm hissəsinə çevrilmiş “İsveç üslubunda caz” albomuna müraciət edir. Daha sonra diqqət musiqiçinin 1966-cı ildə Tallində keçirilən caz festivalında Azərbaycan cazının banisi Vaqif Mustafazadə ilə görüşünə yönəldilir.
Yazıda vurğulanır ki, V.Mustafazadə cazı muğamla birləşdirərək inqilabi istiqamət formalaşdırıb. Muğam qədim Azərbaycan modal musiqi ənənəsi olub mikrotonallığı, mürəkkəb quruluşu və dərin improvizasiyası ilə seçilir. Bu görüş İsveç folklor cazı ilə Azərbaycan caz-muğamı arasında oxşarlıqları üzə çıxarıb.
Filmdə tamaşaçı həmçinin coğrafi mövqeyi sayəsində musiqi sintezinin mühüm mərkəzinə çevrilmiş Bakıya aparılır.
“SSRİ dövrünün məhdudiyyətlərinə baxmayaraq, Azərbaycanda caz inkişafını davam etdirib və Bakı mühüm caz mərkəzlərindən biri kimi nüfuz qazanıb”, – deyə müəllif yazını yekunlaşdırır.