İsveçdə “Avropada dondurulmuş münaqişələr” mövzusunda konfrans keçirilmişdir
Bakı, 19 mart (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, İsveçin Lund Universitetində “Avropada dondurulmuş münaqişələr” mövzusunda konfrans keçirilmişdir.
Azərbaycanın İsveçdəki səfirliyinin və bu ölkədə təhsil alan azərbaycanlı tələbələrin təşəbbüsü ilə təşkil olunmuş tədbirdə
diasporumuzun təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri, xarici tələbələr, o cümlədən İsveçdə təhsil alan ermənilər də iştirak etmişlər.
Səfir Rafael İbrahimov ölkəmizin tarixi, Azərbaycan-İsveç əlaqələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, xüsusilə Xocalı soyqırımı haqqında ətraflı məlumat vermişdir. Diplomat, həmçinin Azərbaycanın sovet imperiyasının dağıldığı dövrdə, eyni zamanda, müstəqilliyini bərpa etdikdən sonra sosial, iqtisadi və ictimai inkişafı barədə danışmışdır.
R.İbrahimov dünya mediasında böyük əks-səda doğurmuş azərbaycanlı uşağın erməni snayperi tərəfindən qətlə yetirilməsi faktını da konfrans iştirakçılarının diqqətinə çatdırmışdır. Səfir ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin respublikamızın ərazi bütövlüyü çərçivəsində həllini istədiyini bir daha vurğulamışdır.
Azərbaycan həqiqətlərini əks etdirən “Erməni terroru”, “Bizi əsirlikdən qurtarın”, avstriyalı professor Erik Fayqlın müxtəlif dillərdə nəşr edilmiş “Armenian Mythomania” və s. kitab və videomateriallar Lund Universitetinin kitabxanasına təqdim edilmişdir.
Ölkəmizlə bağlı materiallar yerli KİV təmsilçilərinə, isveçli tələbələrə də paylanmışdır.
######
![]() |
![]() |
![]() |


