İsveçrə: “Fransa Senatının “Azərbaycan” qətnaməsi və Avropa üçün risklər”
Paris, 11 noyabr, AZƏRTAC
Qətnamə layihəsini təqdim edən fransalı senatorlar bəzi səbəblərə görə iqtisadiyyatda məhrumiyyətlər olacağını deyirlər. Aydın səbəblər olmadan siyasi amilləri iqtisadi faktorlarla qarışdırmaq kifayət qədər mənasız və zərərli addımdır. Qeyd edək ki, Fransa enerji resurslarını aldığı ölkələrdəki insan haqlarının vəziyyəti ilə maraqlanmır. Bu ikili standart nə üçündür və bu cür hərəkətlərdən əsas faydalanan kim olacaq?
AZƏRTAC xəbər verir ki, bu fikirlər İsveçrənin iqtisadiyyat və maliyyə sahəsində ixtisaslaşmış AGEFİ mediasında iqtisadçı ekspert David Aidelmannın “Fransa Senatının “Azərbaycan” qətnaməsi və Avropa üçün risklər” adlı məqaləsində dərc olunub.
“Fransa parlamentinin Yuxarı Palatası tərəfdaş dövlətlərin, bütövlükdə Avropanın mümkün iqtisadi itkilərinə, habelə öz büdcəsinin zəifləməsinə görə məsuliyyəti üzərinə götürə bilərmi? Axı, sadəcə kağız üzərində olan və heç bir əhəmiyyət daşımayan bu “qətnamə” Avropa və Fransanın enerji təhlükəsizliyinə mənfi təsir göstərə bilər”, - deyə məqalədə bildirilir.
Fransa Senatının 5 üzvü tərəfindən nəzərdən keçirilməsi irəli sürülən bu lüzumsuz “qətnamə”nin elə ilk növbədə Fransanın özünə əks təsir göstərə biləcəyi qeyd edilib. Vurğulanıb ki, Fransa təcili ehtiyac yaranarsa öz qazını Almaniya ilə bölüşməyə hazır olduğunu bildirib, lakin Azərbaycana qarşı belə bir qətnamə bu fərziyyəni reallığa çevirər və buna görə də Fransa ciddi itkilər verə bilər.
Məqalədə İtaliya, Xorvatiya, Çexiya, Portuqaliya, İspaniya, İrlandiya, Almaniya, Rumıniya, Yunanıstan, Avstriya, Bolqarıstan kimi bir çox Avropa ölkələrinin enerji resurslarını Azərbaycandan aldığı diqqətə çatdırılıb. Azərbaycana qarşı istənilən sanksiya təklifi xeyli iqtisadi zərər verə bilər.
Fransa Senatının 5 üzvünün bütün Avropaya ciddi maliyyə itkisi verə biləcək qətnamədən danışması həmin qətnamənin kağız parçasından başqa bir şey olmayacağından xəbər verir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris