İsveçrənin “Credit Suisse” bankının səhmdarlarının sonuncu ümumi yığıncağı keçirilib
Vyana, 5 aprel, AZƏRTAC
İsveçrənin aparıcı banklarından biri “Credit Suisse” böhranla üzləşib rəqibi UBS bankı ilə birləşdikdən sonra bankın səhmdarlarının sonuncu ümumi yığıncağı keçirilib.
AZƏRTAC xəbər verir ki, ümumi yığıncaqda bankın idarə şurasının prezidenti Axel Lehmann bütün səhmdarlardan üzr istəyib.
O bildirib ki, böhrandan çıxmaq üçün bütün cəhdlər edilsə də, vaxt məhdudluğu və böhranın daha da dərinləşərək maliyyə sisteminin digər seqmentlərinə keçmə təhlükəsi bankın ölkənin ən böyük bankı UBS ilə birləşməsini labüd edib. “Birləşmə və ya iflas“ seçimi arasında qalan funksionerlər bankın UBS ilə birləşməsini həyata keçiriblər. Bu vəziyyətin yaranmasına səbəb isə bankın illər ərzində yürütdüyü maliyyə siyasətinin səhmdarları razı salmaması, qısa müddət ərzində banka etimadsızlığın artması və birjalarda bankın dəyərinin qısa zamanda aşağı düşməsi olub.
Qeyd edilməlidir ki, 167 illik bank institutu uçot dərəcələrinin artımı, inflyasiya və ABŞ banklarındakı problemlər nəticəsində yaranmış vəziyyət ötən ay “Credit Suisse“ nəticəsində ödəniş qabiliyyətinin tam itirilməsi həddinə çatdı. Bankın maliyyə siyasətinə güvənməyən səhmdarların öz vəsaitlərini kütləvi şəkildə hesablardan çıxarmaları nəticəsində bankın səhmləri sürətlə dəyərini itirdi.
İsveçrə maliyyə sisteminin nəhənglərindən sayılan “Credit Suisse“ bankının sonuncu ümumi iclasında 1700 səhmdar iştirak edib. UBS “Credit Suisse“ ilə birləşmə üçün 3 milyard İsveçrə frankı ödəyib, lakin iki nəhəngin birləşməsi yeni superbanka baha başa gələcək. Belə ki, yeni bankın ümumi işçi sayının 30 faizinin yaxın gələcəkdə ixtisar ediləcəyi gözlənilir.