İTALİYA JURNALİSTİ AZƏRBAYCANDA GİMNASTİKANIN İNKİŞAFI BARƏDƏ
İdman jurnalisti Luçano Montanarinin “Bədii gimnastika Azərbaycanda ilk dəfə” məqaləsində deyilir ki, Azərbaycan Gimnastika Federasiyası və Beynəlxalq Gimnastika Federasiyası bədii gimnastika üzrə 27-ci dünya çempionatının fərdi və komanda yarışlarının 2005-ci il oktyabrın 5-9-da Bakıda keçirilməsi haqqında saziş imzalamışlar. 1992-ci ildə Beynəlxalq Federasiyaya üzv qəbul edilən milli federasiyanın tarixində ilk dəfə olaraq, çempionat Azərbaycanda keçiriləcəkdir. Bundan əlavə, Bakı, cari ilin avqustundakı kimi, yenə də Dünya kubokunun mərhələ yarışının sahibi olacaqdır. Bu yarış 2005-ci il aprelin 24-25-də keçiriləcəkdir.
İtalyan jurnalistinin məqaləsində xüsusi vurğulayır ki, çempionatın keçirilməsi yeri kimi Azərbaycanın namizədliyini Milli Olimpiya Komitəsinin rəhbəri, Baş nazir İlham Əliyev, gənclər, idman və turizm naziri Əbülfəs Qarayev və Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva birlikdə irəli sürmüşlər.
Jurnalist bildirir ki, Azərbaycanın gimnastika sahəsində çoxdan yaranmış ənənələri var. 1992-ci ildə Barselona olimpiadasında komanda yarışlarında çempion adını qazanan Valeri Belenki dünyanın görkəmli gimnastlarından biri olmuşdur. O, müqəvvada hərəkətlərin yerinə yetirilməsində ikiqat dünya çempionu adına layiq görülmüşdür.
L.Montanari Azərbaycan gimnastikasının parlamağa başlayan ulduzu, qarşıdakı Afina Olimpiadasına lisenziya qazanmış Dinara Gimatova haqqında da tərifli sözlər yazmışdır. İtalyan jurnalisti Budapeştdə keçirilmiş dünya çempionatında çoxnövçülüyün finalında səkkiz ən güclü idmançı sırasına çıxan 17 yaşlı gimnastımızın uğurunu fantastik nailiyyət adlandırmışdır.