İtaliya qəzeti Azərbaycandakı multikultural mühitdən yazır
Roma, 29 mart, AZƏRTAC
İtaliyanın nüfuzlu “İl Giornale” qəzetinin saytında Qafqaz regionunda geosiyasi vəziyyətin və Azərbaycanın bölgədəki rolunun təhlil olunduğu yazı yerləşdirilib.
Müəllif yazıya bu sözlərlə başlayır: “Bu yaxınlarda Roma Papası Fransisk fundamentalizmə qarşı mübarizə aparan, dünyəvi və multikultural bir ölkə olan Azərbaycanın Prezidenti ilə görüşüb”.
Yazıda qeyd olunur ki, Qafqaz regionu hər zaman qlobal maraqların və siyasi hədəflərin mərkəzi nöqtəsi olub. Bu bölgənin Avropa ilə heç vaxt qopmayan mədəni, iqtisadi və siyasi bağları mövcuddur. Məqalədə SSRİ-nin dağılmasından sonra Qafqazda cərəyan edən siyasi proseslər, gərginliklər, baş qaldıran münaqişələrdən də bəhs olunur. Bu sırada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi xüsusi qeyd edilir: “Bu bölgədə mövcud bütün gərginliklər müsbət istiqamətdə həllini tapmalıdır. Hərbi gücdən istifadəni minimuma endirilməklə problemlərin siyasi danışıqlar yolu ilə həllinə cəhd edilməlidir”.
Müəllif qeyd edir ki, hazırkı mürəkkəb geosiyasi dövrdə mədəniyyətlərarası dialoq hər şeydən daha önəmlidir. Mədəni müxtəlifliklərin qarşılıqlı şəkildə tanınması və qəbul edilməsi tərəqqiyə və çiçəklənməyə aparan əsas yoldur. Məhz bütün bu müsbət məqamları özündə birləşdirən Azərbaycan kimi bir ölkənin Prezidentinin Vatikana səfəri çərçivəsində Roma Papası ilə görüşü qeyd olunan məqamlar kontekstində mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanın Cənubi Qafqazın açar ölkəsi olduğunu yazan müəllif Körfəz regionunda balansın qorunması baxımından da ölkəmizin əhəmiyyətini vurğulayır: “Azərbaycan həm də zəngin enerji ehtiyatlarına malik bir ölkədir. Burada müxtəlif dinlərin və millətlərin nümayəndələri rahat yaşayırlar. Onların hüquqlarının müdafiəsi dövlət səviyyəsində həyata keçirilir. Bu ölkədə yaşayan etnik azlıqlar öz dillərini, mədəni dəyərlərini və dini etiqadlarını sərbəst şəkildə təbliğ edə və bu yolla da qoruyub saxlaya bilirlər”.
Məqalənin sonunda vurğulanır ki, Azərbaycanın bu multikultural siyasəti fundamentalizmlə və ekstremizmlə mübarizədə yaxşı bir vasitədir. Müxtəlif irqlər və dinlər arasında sülh şəraitində birgə yaşayışı özündə əks etdirən multikulturalizm siyasətinin dövlət səviyyəsində tətbiq edildiyi Azərbaycan bu baxımdan model ölkə ola bilər.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma