JURNALIN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLMİŞDİR
Professor Qulu Məhərrəmli, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri Cahangir Məmmədli, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin şöbə müdiri Əflatun Məmmədov və başqaları informasiya-kommunikasiya texnologiyaları sahəsinə aid Azərbaycan dilli jurnalın işıq üzü görməsini alqışlamış, təkliflərini bildirmişlər.
Jurnalın baş redaktoru Osman Gündüz bu nömrədə ölkəmizdə teleradio yayımı, onun tənzimlənməsi, Azərbaycan internetinin inkişafı və dövlət orqanlarının internet saytlarının vəziyyəti, respublikamızda ilk kompyuter istehsal edən zavodun fəaliyyəti və sair məsələlərə dair materialların çap olunduğunu, hər nömrədə “İnformasiya cəmiyyəti”, “Elektron hökumət”, “Mobil texnologiyalar”, “Kompyuter və proqram təminatları”, ”İnternet”, “Peyk yayımı” rubrikaları altında sadə və anlaşıqlı dildə yazılar veriləcəyini diqqətə çatdırmışdır.