JURNALİSTLƏRİN STOLÜSTÜ KİTABI
Kitabda mətbuatımızın əsas prinsip və metodları, ədəbi redaktə, korrektura, dövri mətbuat, görkəmli jurnalistlər, naşirlər barədə məlumatlar, redaksiya və nəşriyyat işi məsələləri, jurnalistikaya dair peşə terminlərinin, sözlərin, söz birləşmələrinin izahı verilmişdir. Oxucular kitabdan jurnalist peşəsinin bir sıra sirlərini öyrənə biləcəklər.
Bu gün həmin sirlərə yiyələnmiş, ədəbi dilimizin incəliklərini bilən, onun təmizliyinin keşiyində dayanan jurnalistlərə ehtiyac böyükdür. Məhz onlar qəzet səhifələrinə, efirə lüzumsuz danışıq dili və dialektizm ünsürlərinin gətirilməsi ilə səmərəli mübarizə apara bilərlər. Müəlliflərin də başlıca məqsədi bu mübarizlərə metodiki kömək göstərməkdır.
Kitabda dövri mətbuatın ən ağrılı yeri olan ədəbi redaktəyə xüsusi fəsil həsr olunmuşdur. Bu bölmədə redaktənin əsas məqsədləri sadalanır, bir çox anlayışların şərhi verilir. Elə buradaca müəlliflər incə bir mətləbə toxunurlar: “Belə bir sual oluna bilər: AZƏRTAC-ın, digər agentliklərin informasıyalarını oxumaq lazımdırmı? Axı, burada peşəkar müxbirlər və redaktorlar çalışırlar, materialların əksəriyyəti savadlı yazılır və düzgün olur. Buna baxmayaraq, həmin materialları da redaktorlar mütləq oxumalıdır. Çünki bəzi hallarda müxbirlər informasiyalarda üslubi və faktiki səhvlərə yol verə bilərlər”.
Kitabda standart korrektura işarələrinin, nəşriyyat-poliqrafiya terminləri lüğətinin, beynəlxalq informasiya təşkilatları haqqında məlumatın verilməsi də qəzetçilər üçün əməli əhəmiyyət kəsb edir.
Müəlliflər çap işinə, kitab istehsalına, tərtibat məsələlərinə də diqqət yetirmiş, kağızdan-çap vərəqindən kitabadək keçilən yolu geniş işıqlandırmış, nəşriyyat işində istifadə olunan kompüter proqramlarından, elektron nəşrlərdən söz açmışlar.
Nəşrə Qunduz Osmanın “İnternet və media” yazısı, “İctimai televiziya və radio yayımı haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən çıxarış, Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi haqqında Əsasnamə, “Azərbaycan jurnalistlərinin peşə etikası Kodeksi”, “Azərbaycan jurnalistlərinin peşə davranışı Qaydaları”, Azərbaycan Mətbuat Şurasının Nizamnaməsi, “Mətbuat nümayəndələrinə vahid press-kartların verilməsi və geri alınması qaydaları”, “Mətbuat Şurasına şikayətlərin verilmə və onlara baxılma qaydaları” və digər hüquqi sənədlər də daxil edilmişdir.
Əməkdar jurnalist B.Hüseynovun redaktoru olduğu bu faydalı kitaba Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Yeni nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, “Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı rəy vermişlər.
Kitab kütləvi informasiya vasitələrinin, nəşriyyatların işçiləri, ali məktəblərin jurnalistika fakültələrinin müəllimləri və tələbələri üçün nəzərdə tutulmuşdur.