CƏMİYYƏT
Kahramanmaraşda “Azərbaycan” yaşayış massivinin tikintisi sürətlə davam edir
Kahramanmaraş, 11 sentyabr, AZƏRTAC
2023-cü ilin fevral ayında baş verən dağıdıcı zəlzələlərdən əziyyət çəkən Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” yaşayış massivinin tikintisi davam edir.
AZƏRTAC xəbər verir ki, ümumi sahəsi 28,5 hektar olan ərazidə fəal tikinti işləri aparılır. “Azərbaycan” massivinin baş planına uyğun olaraq, ümumilikdə 1300 mənzildən ibarət 71 yaşayış binası istifadəyə veriləcək. Massivin ərazisində 764 qeyri-yaşayış obyektinin tikintisi də planlaşdırılır.
Məhəllənin yaşıllıq zonası 14 hektar ərazini əhatə edəcək, həmçinin 3,5 hektar ərazidə parkın salınması da planlaşdırılır.
Azərbaycan Hökumətinin xətti ilə “Azərbaycan” massivi ərazisində görülən işlər 100 milyon dollar dəyərində qiymətləndirilir. Layihə çərçivəsində Azərbaycan Nazirlər Kabinetinin icraedici orqanı Mənzil İnşaatı Dövlət Agentliyidir.
Dövlət agentliyinin nümayəndələri AZƏRTAC-ın müxbirinə bildiriblər ki, baş plana uyğun olaraq, MİDA yaşayış massivinin 7, 8, 11 və 12-ci məhəllələrində (cəmi 456 mənzil və 328 qeyri-yaşayış obyekti) işlər həyata keçirir.
Xəbər verildiyi kimi, MİDA-nın səyləri sayəsində Heydər Əliyev adına ibtidai məktəb artıq tikilib.
Bundan əlavə, Mədəniyyət Mərkəzinin layihələndirmə prosesi başa çatdırılır, bundan sonra tikinti işlərinə start veriləcək.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kahramanmaraş