DÜNYA
Kamala Harris və Donald Tramp arasında ilk debat baş tutub
Vaşinqton, 11 sentyabr, AZƏRTAC
ABŞ-ın keçmiş prezidenti Donald Tramp və vitse-prezident Kamala Harris prezident seçkiləri ilə bağlı debatda iştirak ediblər.
AZƏRTAC-ın məlumatına görə, debat ABC kanalı tərəfindən Filadelfiyada təşkil edilib. 90 dəqiqəlik debatda prezidentliyə namizədlər ilk dəfə üz-üzə gəliblər. Hər iki tərəf azı daha bir debatda iştirak etmək istəklərini ifadə ediblər. Lakin 2-ci görüşün detalları hələ ki, dəqiqləşməyib.
Debatda namizədlər abort, immiqrasiya və Amerika demokratiyası ilə bağlı kəskin fərqli baxışlarını təqdim ediblər. Kamala Harris Donald Trampa 2020-ci il seçkilərini uduzmasını xatırladıb.
Tərəflər xalqın bugünkü vəziyyəti və seçiləcəkləri təqdirdə bunu necə dəyişəcəkləri ilə bağlı zidd baxışlarını ortaya qoyublar. Harris orta təbəqəyə yönəlmiş vergilərin azalması ilə bağlı vəd verib və iki il əvvəl Ali Məhkəmə tərəfindən ləğv edilmiş abort hüququnu bərpa etməyə çalışacağını söyləyib. Keçmiş prezident Floridada altıhəftəlik abort qadağasını dəstəkləmək qərarını müdafiə edib və abortun dövlət məsələsi olması barədə mövqeyini vurğulayıb.
Tramp əlavə edib ki, təklif etdiyi tariflər ABŞ-ın ticarətdə müttəfiqlər tərəfindən aldadılmasına son qoyacaq. O, həmçinin döyüş meydanında Ukraynanın qələbə qazanmasını təmin etməsə də, Rusiya-Ukrayna müharibəsini tez bir zamanda bitirməyə çalışacağını bildirib.
Harris Trampı vəzifədən getdiyi zaman iqtisadiyyatın və demokratiyanın vəziyyətinə görə kəskin tənqid edib. O, Trampa dünya liderlərinin ona güldüyünü, hərbi liderlərin isə onu “rüsvayçılıq” adlandırdığını deyib.
Keçmiş prezident Donald Tramp təxminən 42 dəqiqə 52 saniyə, vitse-prezident Kamala Harris isə təxminən 37 dəqiqə 36 saniyə danışıb.
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton