KANADA AZƏRBAYCANLILARI ABŞ KONQRESİNƏ MÜRACİƏT GÖNDƏRMİŞLƏR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, ABŞ Konqresinin Xarici əlaqələr komitəsində ermənipərəst konqresmenlərin qondarma “erməni soyqırımı” ilə bağlı hazırladıqları qətnamə layihəsi xarici ölkələrdə yaşayan soydaşlarımızın haqlı narazılığına səbəb olmuşdur.
Bununla əlaqədar Kanada Azərbaycan Assosiasiyaları Assambleyası (KAAA) ABŞ Konqresinə müraciət göndərmişdir. Müraciətdə belə bir layihənin hazırlanmasının təəssüf doğurduğu, erməni lobbisinin maraqlarına xidmət edən bu sənədin Amerikanın Türkiyə, habelə Azərbaycanla münasibətlərinə xələl gətirəcəyi vurğulanır.
Azərbaycan torpaqlarının 20 faizdən çoxunun Ermənistan tərəfindən işğalı faktı bir daha konqresmenlərin diqqətinə çatdırılır, Ermənistanın ATƏT Budapeşt, Lissabon sammitlərində qəbul edilmiş qərarlarına, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadığı xüsusi vurğulanır. Bildirilir ki, qətnamə layihəsi erməni təcavüzünə yeni stimul verəcək, ASALA kimi terrorçu erməni təşkilatlarının fəaliyyətinin genişlənməsinə səbəb olacaqdır.
Müraciətdə deyilir ki, 1915-ci ildə Türkiyədə ermənilərə qarşı soyqırımının olması barədə iddialar əsassızdır. Həmin dövrdə erməni silahlı dəstələri tərəfindən Anadoluda türklərə qarşı kütləvi qətllər həyata keçirilmişdir. Bu tarixi reallıqlar Qərb alimlərinin, o cümlədən Samuel Vims, Castin Makkarti, Gunter Levi, Feliks Certsivadze və başqalarının əsərlərində də əksini tapmışdır. ABŞ Konqresinin ermənilərin tarixi reallığı əks etdirməyən, saxta “soyqırımı” iddialarının tanınması kimi yanlış qərar qəbul etməsi Qafqaz regionunda sülhün bərqərar olunmasına böyük maneələr törədə bilər.
Konqresdəki müzakirələr zamanı Azərbaycanın və Türkiyənin də mövqelərinin nəzərə alınmasının vacibliyini bildirən soydaşlarımız 1992-ci ildən bəri on minlərlə azərbaycanlının erməni vəhşiliyinin qurbanı olmasını, bir milyondan çox dinc vətəndaşın etnik təmizləməyə məruz qalmasını da diqqətə çatdırırlar.
XX əsrin sonlarında ermənilər tərəfindən törədilmiş Xocalı faciəsi, türk diplomatlarına qarşı həyata keçirilən terror aktları və bu terror aksiyalarının bir qisminin məhz Amerikada baş verdiyi xüsusi vurğulanır.
Müraciətin müəllifləri konqresmenləri qondarma “erməni soyqırımının” tanınmasına dair layihəni rədd etməyə çağırırlar.