KANADADA XOCALI FACİƏSİNİN İLDÖNÜMÜ İLƏ BAĞLI MƏRASİM KEÇİRİLMİŞDİR
Azərbaycanın Kanadadakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, Ottava şəhərində Xocalı faciəsinin ildönümü ilə əlaqədar mərasim keçirilmişdir. Mərasimdə Azərbaycan icmasının Toronto, Monreal və Ottava şəhərlərində yaşayan nümayəndələri də iştirak etmişlər.
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra səfir F.Qurbanov çıxış edərək Xocalı hadisələrinin bəşəriyyət tarixində ən qanlı faciələrdən biri olduğunu bildirmiş, onun tarixi, başvermə səbəbləri, faciəyə yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra siyasi-hüquqi qiymət verilməsindən danışmışdır.
Tədbirdə Azərbaycan rəhbərliyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun həlli, ölkəmizin ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması üçün ardıcıl səylər göstərdiyi xьsusi vurğulanmışdır. Bildirilmişdir ki, bu səylər sayəsində Avropa Şurası Parlament Assambleyası bu il yanvarın 25-də Ermənistanı işğalçı dövlət və qondarma Dağlıq Qarabağ respublikasını separatçı rejim kimi tanıyan Qətnamə qəbul etmiş, fevralın 24-də Türkiyə Böyük Millət Məclisində Xocalı soyqırımı müzakirə olunmuş və ABŞ Konqresinin Beynəlxalq Münasibətlər Komitəsinin üzvü Dən Barton Konqresi Xocalı soyqırımını tanımağa çağırmışdır.
Azərbaycan icmasının fəal üzvlərindən Saleh İldırım, Kvebek Azərbaycanlıları Assosiasiyasının rəhbəri Məsud Əliyev və başqaları mərasimdə çıxış edərək Xocalı faciəsinin bəşəriyyət tarixində törədilmiş soyqırımlarından biri olduğunu, bu cinayət barədə Kanada ictimaiyyətinin daha ətraflı məlumatlandırılması üçün qarşıdan gələn 31 mart soyqırımı günündə Azərbaycan icmasını təmsil edən bütün təşkilatların Ermənistan səfirliyinin qarşısında piket keçirmələrini təklif etmişlər.
Mərasimdə faciənin dəhşətlərini sübut edən fotoşəkillər nümayiş etdirilmiş və iştirakçılara Prezident İlham Əliyevin Xocalı soyqırımının 13-cü ildönümü ilə bağlı Azərbaycan xalqına müraciəti, faciəyə dair mətbuat məlumatı və „Armenian terror“ adlı CD paylanmışdır. Səfirliyin hazırladığı mətbuat məlumatı Kanadanın senatorlarına, deputatlarına, Xarici İşlər Departamentinə, ölkənin digər dövlət orqanlarına, diplomatik nümayəndəliklərə və kütləvi informasiya vasitələrinə göndərilmişdir.