Kanadalı soydaşlarımız BBC-yə etiraz məktubu ünvanlayıblar
Bakı, 2 oktyabr, AZƏRTAC
Azərbaycan-Kanada Multikultural Mərkəzinin azərbaycanlı icması BBC-də Dağlıq Qarabağ münaqişəsi haqqında yayımlanan qərəzli süjetə və məqalələrə etirazını bildirib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar BBC-yə ünvanlanan açıq etiraz məktubunda azərbaycanlı icmanın bu yaxınlarda Dağlıq Qarabağda aparılan hərbi əməliyyatlar barədə dezinformasiya xarakterli süjetlərin və məqalələrin yayımlanmasından dərin narahatlıq keçirdiyi bildirilir. Məktubda deyilir: “Biz xüsusilə sentyabrın 28-də “Azərbaycan və Türkiyə Dağlıq Qarabağın erməni əhalisini məhv edəcək” və sentyabrın 29-da “Ermənistan deyir ki, onun uçuş aparatı Türkiyə tərəfindən vurulub” sərlövhəli məqalələrdən narahatıq. Hər bir halda BBC ermənilərin əsassız iddialarını sübutsuz olaraq dərc edib. Heç şübhəsiz, belə əsassız iddialar azərbaycanlıların və türklərin beynəlxalq arenadakı nüfuzunun gözdən salınmasına, ictimai fikrin ədalətsizcəsinə yönəldilməsinə xidmət edir”.
Dezinformasiyaya yol verilməməsi naminə jurnalistlərin peşə fəaliyyətlərinin obyektiv yerinə yetirməsinin vacibliyini xatırladan soydaşlarımız Britaniya KİV-lərinin yoxlanılmamış xəbərlər və sərlövhələr yaymasından təəssüfləndiklərini bildirir, yanlışlığın düzəldilməsinin vacibliyini vurğulayaraq deyiblər: “Biz kanadalılar ümid edirik ki, BBC ictimai maraqdan başqa digər məqamı prioritet saymır. Biz inanırıq ki, nüfuzlu xəbər agentliyi olan BBC dərc olunmuş məqalələrdə əsassız informasiyaya yenidən baxmağa, qeyri-dəqiq informasiyanı dəqiqləşdirməyə və ictimai marağı üstün tutmağa hazırdır”.