KARTEL QAZ İXRACATÇILARINI BİRLƏŞDİRİR
“Mavi yanacaq” istehsal edən dövlətlərin çoxdan təklif etdikləri məsələ 2008-ci ilin Milad bayramı ərəfəsində baş tutmuşdur. Neft ixrac edən ölkələrin təşkilatına (OPEK) oxşar yeni bir struktur yaranmışdır. O, təbii qaz ixrac edən ölkələri birləşdirir.
Bu ideyanın məhz indi gerçəkləşməsi təsadüfi deyildir. Məsələ burasındadır ki, qlobal böhranın dünya iqtisadiyyatını getdikcə sarsıtdığı müasir şəraitdə heç bir ölkə bu bəlanın öhdəsindən təkbaşına gələ bilməz. Analitiklərin fikrincə, 2001-ci ildən qeyri-rəsmi şəkildə mövcud olan Qaz İxrac Edən Ölkələrin Forumunun (QİÖF) iştirakçıları - Əlcəzair, Boliviya, Bruney, Venesuela, Misir, İndoneziya, İran, Qətər, Liviya, Malayziya, Nigeriya, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Rusiya, Trinidad və Tobaqo, Ekvatorial Qvineya məhz bu mülahizəni əsas götürmüşlər. Yeri gəlmişkən, dünyadakı təbii qaz ehtiyatlarının 72 faizi və qaz hasilatının 42 faizdən çoxu bu ölkələrin payına düşür.
Forumun üzvləri Moskvada nazirlər səviyyəsində toplaşaraq bütün əsas məsələlər barədə razılığa gəlmiş, müvafiq saziş imzalamış və təşkilatın nizamnaməsini qəbul etmişlər. Beləliklə, artıq rəsmi hüquqi status əldə etmiş yeni təşkilatın mənzil-qərargahını Qətərin paytaxtı Doha şəhərində yerləşdirmək qərara alınmışdır. Xatırladaq ki, Qətər təbii qaz ehtiyatlarının həcminə görə (7 faiz) dünyada üçüncüdür. İlk iki yeri isə Rusiya (32 faiz) və İran (15 faiz) tutur.
Yeni təşkilatın ali idarəetmə orqanı nazirlər səviyyəsində keçirilən görüş olacaqdır. Bundan əlavə, QİÖF-ün fəaliyyətini idarə edən İcraiyyə Şurası yaradılacaq, texniki və təşkilati təminatı isə Katiblik həyata keçirəcəkdir. Katibliyə baş katib rəhbərlik edəcəkdir. Ekspertlərin sözlərinə görə, yeni təşkilatın fəaliyyətinin bütün əsas istiqamətləri bu orqanlar vasitəsilə əlaqələndiriləcək, QİÖF üzvlərinin qarşılıqlı fəaliyyətinin qaydası isə işin gedişində müəyyən ediləcəkdir. Forum iştirakçıları bazarda vəziyyət və istehlakçı ölkələrlə qarşılıqlı münasibətlər haqqında, habelə təbii maye qaz bazarında birgə işin təşkilinə dair informasiya mübadiləsi haqqında razılığa gəlmişlər. Mütəxəssislərin fikrincə, gələcəkdə maye qazın rolu artacaqdır.
Müşahidəçilər Forum üzvlərinin hüquq və vəzifələrinin dəqiq göstərildiyi bir struktura çevrilməsi faktının özünü əlamətdar hadisə hesab edirlər. Bu o deməkdir ki, Forum üzvlərinin birgə qəbul etdiyi qərarların həmin ölkələr tərəfindən icra edilməsi məcburi olacaqdır. Aydındır ki, bu qayda dünya bazarlarında qazın qiymətinə də aiddir. Yeni strukturun yaranmasını Avropada və okeanın o tayında heç də birmənalı qarşılamayan bəzi dairələrdə belə hesab edirlər ki, Forum qazın qiyməti ilə bağlı manipulyasiyalara imkan yaradacaq, qlobal enerji təhlükəsizliyi üçün təhdidə çevriləcəkdir.
Lakin yeni kartelin təşkilatçıları bildirirlər ki, bu Forum heç də “qaz OPEK-i” deyildir və qazın qiyməti ilə neftin qiyməti arasında sıx əlaqəyə baxmayaraq, spesifik xüsusiyyətlərə görə qazın qiymətində dəyişikliklər neftlə müqayisədə 6-9 ay gec baş verir. Bundan əlavə, hamıya məlumdur ki, OPEK üzvləri bu təşkilatın qəbul etdiyi qərarlara əslində heç vaxt tam əməl etmirlər. Yeri gəlmişkən, məhz bu səbəbdən OPEK-in neft satışını azaltmaq barədə son bəyanatları neft bazarlarını əsla qorxuya salmamışdır və neftin qiyməti düşməkdə davam edir.
Hər halda, yeni qaz alyansının iştirakçıları bu hadisəni dünya bazarı üçün mühüm hadisə kimi qiymətləndirir və ümid edirlər ki, birgə iş nəticəsində tezliklə vəziyyət dəyişəcək, əlaqələndirmə işləri güclənəcək, yeni uğurlar qazanılacaqdır.
Dünya qaz bazarında yaranmış vəziyyəti Azərbaycanda da diqqətlə izləyirlər. Bu da təbiidir, çünki yaxın vaxtlara qədər “mavi yanacaq” istehlakçısı olan ölkəmiz indi bu məhsulun ixracatçısına çevrilmişdir. Fikrimizcə, tezliklə Azərbaycan beynəlxalq yanacaq-energetika kompleksinin bu sektorunda da layiqli yer tutacaqdır.
Vladimir Morozkov
AZƏRTAC-ın müxbiri