Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda elmi seminar
Bakı, 27 mart, AZƏRTAC
AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “Elm günü”nə həsr olunmuş seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, seminarda AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanda “Elm günü”nün təsis edilməsi haqqında müvafiq Sərəncamının əhəmiyyətindən danışıb. Qeyd olunub ki, Sərəncama əsasən, hər il martın 27-si ölkəmizdə “Elm günü” kimi qeyd ediləcək. Bu tarix AMEA-nın təsis olunduğu günə təsadüf etdiyi üçün xüsusi əhəmiyyət daşıyır.
Sonra akademik Dilqəm Tağıyevin “Elmin populyarlaşdırılması: elmin sürətli inkişafı və onun nəticələri haqqında proqnozlar” mövzusunda məruzəsi dinlənilib. Akademik qeyd edib ki, elmin populyarlaşdırılmasında məqsəd getdikcə çətinləşən elmi nəticələri sadə və anlaşılan tərzdə ictimaiyyətə çatdırmaqdır. Dünyanın bir sıra aparıcı dövlətlərində elmin populyarlaşdırılması və təbliği ilə məşğul olan institutlar, laboratoriyalar fəaliyyət göstərir. Hazırda ölkəmizdə və AMEA-da elmin populyarlaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Elmi yeniliklərlə cəmiyyətin mütəmadi məlumatlandırılması üçün “Azərbaycan Milli Elmlər Akademiyasının xəbərləri məcmuəsi” və “Elm dünyası” jurnalları təsis edilib, “Elm və həyat” jurnalının işi təkmilləşdirilib, “Elm və innovasiya” verilişləri mütəmadi olaraq yayımlanır.
Akademik Dilqəm Tağıyev yaxın 50 ildə kimyanın əsas inkişaf istiqamətlərindən də bəhs edib.
Sonra “Elm günü” münasibətilə institutun bir qrup əməkdaşına AMEA-nın Kimya Elmləri Bölməsinin fəxri fərmanları təqdim olunub.