Kaxa Kaladze: Ötən il Aİ-nin Gürcüstana namizəd statusu verməməsi siyasi qərar idi
Tbilisi, 1 may, AZƏRTAC
Gürcüstan hökumətinin Rusiyaya qarşı sanksiyalara qoşulmaması və ölkədə ikinci cəbhənin açılmasına imkan verməməsi Avropa İttifaqında düzgün qiymətləndirilməyib. Rəsmi Tbilisinin bu addımı ötən il Gürcüstana Avropa İttifaqına (Aİ) namizəd ölkə statusunun verilməməsinə səbəb olub. Ona görə də deyə bilərik ki, Avropa İttifaqının Gürcüstana qarşı qəbul etdiyi bu qərar, məhz siyasi qərar idi.
AZƏRTAC xəbər verir ki, bu sözləri hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi şəhərinin meri Kaxa Kaladze jurnalistlərə açıqlamasında bildirib.
K.Kaladze deyib: “Gürcüstan Avropa İttifaqına namizəd statusuna layiq idi. Gürcüstanla bağlı neqativ qərara səbəb Tbilisinin Rusiyaya qarşı sanksiyalara qoşulmaması və ölkədə ikinci cəbhə açmamasıdır”.
“Bu statusun verilməməsi siyasi qərar idi və ictimaiyyət bunun niyə baş verdiyini çox yaxşı anlayır. Gürcüstan hökuməti onlar üçün problemdir. Çünki rəsmi Tbilisi, Rusiyaya qarşı sanksiyalara qoşulmur, müharibəyə başlamır və ölkədə ikinci cəbhə açmır”, - deyə Kaxa Kaladze vurğulayıb.
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi