Kaxa Kuçava: Gürcüstan Azərbaycanla iqtisadi əlaqələrin inkişafında maraqlıdır
Tbilisi, 10 mart, AZƏRTAC
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev martın 10-da Gürcüstan parlamentinin sədr müavini Kaxa Kuçava ilə görüşüb. Söhbət zamanı iki ölkə arasında mövcud dostluq və tərəfdaşlıq münasibətlərinin inkişaf perspektivləri diqqət mərkəzində olub.
Bu barədə AZƏRTAC-a Gürcüstan parlamentindən məlumat verilib.
Bildirilib ki, görüşdə ikitərəfli əməkdaşlığın gələcək prioritetləri barədə fikir mübadiləsi aparılıb. Qanunverici orqanlar arasında əlaqələrin daha da dərişləşdirilməsi, parlamentlərarası dostluq qruplarının qarşılıqlı səfərlərinin təşkili məsələsi, həmçinin Cənubi Qafqaz regionunda cərəyan edən proseslər, iqtisadi və ticarət əlaqələri də əsas müzakirə mövzusu olub.
K.Kuçava deyib ki, Azərbaycan regionda Gürcüstanın əsas iqtisadi tərəfdaşı olaraq qalır. Rəsmi Tbilisi ikitərəfli iqtisadi münasibətlərin inkişafında və ticarət dövriyyəsinin genişlənməsində maraqlıdır.
Tərəflər iki ölkə arasında əlaqələrin bundan sonra da bütün sahələrdə inkişaf edəcəyinə və daha möhkəmlənəcəyinə əminlik ifadə ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi