KƏLƏKBAZ SÜRÜCÜ BRİTANİYA SƏFİRLİYİNƏ 1,3 MİLYON DOLLARLIQ ZİYAN VURMUŞDUR
O, səfirliyin büdcəsində iri məbləğdə zərərə gətirib çıxaran maliyyə fırıldaqlarında təqsirli bilinərək həbsə alınmışdır. Təl-Əvivin bu 52 yaşlı sakini səfirlikdə 1987-ci ildən işləyir və 17 ildə yüksək vəzifəli diplomatik məmurların qılığına elə girmişdi ki, daha onun nə hərəkətlərinə göz qoyur, nə də mühasibata təqdim etdiyi hesabları yoxlayırdılar.
Sürücü öz fırıldaqları üçün bir neçə sxem hazırlamışdı. Məsələn, o, bir neçə il ərzində Ben-Qurion beynəlxalq hava limanında səfirliyin diplomatik poçtunu və xaricdə sifariş olunmuş malları qəbul edirdi. Bu zaman poçt idarəsinin xidmət haqqını qəbzlərdə artıq məbləğdə yazırdı. Bu yolla o, özünün bank hesabına 500 min şekeldən çox (100 min dollardan artıq) pul köçürmüşdü.
Bundan əlavə, kələkbaz sürücü Britaniya səfirliyi əməkdaşlarının tibbi sığortası üzrə fırıldaqlar yolu ilə diplomatik nümayəndəliyin büdcəsindən təxminən 5,5 milyon şekel (təqribən 1,2 milyon dollar) oğurlamışdır. Diplomatlar tibbi xidmət üçün hər ay əlavə olaraq bir neçə yüz şekel ödəyirdilər. Nəhayət, bir gün səfirlikdə duyuq düşmüşlər və həyasızlaşan sürücünü, hər halda, yoxlamağı qərara almışlar. Müfəttişlər bu dələduz israillinin diplomatlara illərdən bəri kələk gəldiyini görəndə gözləri kəllələrinə çıxmışdır.