Ken Berns Leonardo da Vinçi haqqında sənədli film çəkir

Bakı, 16 fevral, AZƏRTAC
“Vyetnamdakı müharibə”, “Vətəndaş müharibəsi”, “Tozlu badə” və başqa ekran əsərləri ilə məşhurlaşan, bir çox mükafatlara layiq görülmüş sənədli filmlər rejissoru Ken Berns ilk dəfə olaraq amerikan mövzusundan uzaqlaşır: onun bu il noyabr ayında “PBS”in efirində çıxacaq iki hissədən ibarət yeni serialı Leonardo da Vinçiyə həsr olunub.
AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, qızı Sara Berns və kürəkəni Devid Makmexon ilə birgə rejissoru olduğu yeni filmdə italyan eruditinin dünyanı dərk etməkdə zəifləməyən istəyi və irsinin hədsiz-hüdudsuz təsiri haqqında bəhs olunur.
“Leonardonun həyatını tədqiq etmək qərarına gəldikdə anladıq ki, öz zəmanəsinin adamı olduğuna baxmayaraq, onu daha universal bir şey maraqlandırıb, - deyə Sara Berns “PBS”yə bildirib. - Leonardo unikal şəkildə bütün təbiətdə olan əlaqələrin axtarışına diqqət yetirib, bu da bu gün bizə çox müasir görünür, lakin bunun uzun tarixçəsi var”.
“Leonardonun şəxsi səyahətini izlədiyimizə, onun bədii və elmi nailiyyətlərini tədqiq etdiyimizə baxmayaraq, biz, həmçinin diqqəti dahi şəxsiyyətin beynində nə baş verdiyinə və marağının dərinliyinin dərk edilməsinə cəmləmişik, - deyə Makmexon vurğulayıb. - Leonardonun təfəkkürü o dərəcədə unikal və bir çox münasibətlərdə zamanın fövqündə idi ki, təkcə bizim ənənəvi yanaşmamız kifayət etməzdi”.
Quruluşda bütün dünyadan olan ekspertlərlə, eləcə də Leonardonun əsərlərinin təsir göstərdiyi müxtəlif sahələrdən olan rəssamlar və mütəfəkkirlərlə müsahibələr nümayiş olunacaq. Belə bir fiqurlardan biri rejissor Gilyermo del Torodur. O, filmin əvvəlində deyir: “Leonardonun müasirliyi ondan ibarətdir ki, o, biliyin və təxəyyülün sıx əlaqəli olduğunu dərk edir”.
“Heç bir insan ayrılıqda bizim dünyanı və özümüzü dərk etməklə bağlı kollektiv cəhdlərimizə təsir edə bilməz, - deyə Berns qeyd edib. - Lakin Leonardo bir hissəsi olduğumuz təbii dünyanı daha yaxşı başa düşməyimizə, canlı və insani olmağın nə demək olduğuna daha yaxşı qiymət verməyə kömək etmək üçün bir rəssam və alim kimi qeyri-adi qabiliyyətlərə, unikal tədqiqatçı dühasına malik olub”.