REGİONLAR
Kənd Qadınları Assosiasiyası regionlarda qadın qrupu mentorlarının hazırlanmasına başlayıb
Ağcabədi, 17 yanvar, AZƏRTAC
Azərbaycan Kənd Qadınları Assosiasiyası (AKQA) regionlarda yeni qadın qruplarının yaradılmasına dəstək məqsədi ilə qadın qrupu mentorlarının hazırlanması prosesinə başlayıb. Təcrübəli qadın qrupu sədrləri arasından seçilmiş mentorlar “Qadın Özünəkömək Qrupu” modeli barədə geniş təlimatlandırılmaqla bərabər, kollektiv qadın bizneslərinin yaradılması, qadınların cəmiyyətə inteqrasiyası, sosial məsuliyyət və sair barədə ən yaxşı təcrübələrin təşviqi yollarını da öyrənəcəklər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mentor hazırlığı ilə bağlı növbəti görüş Ağcabədi rayonunun Boyat kəndində fəaliyyət göstərən “Dəfnə” Qadın İnkişaf və Müəssisə Qrupunun sədri Könül Sadıqova ilə keçirilib. Assosiasiyanın əməkdaşı Heyran Alışzadənin iştirakı ilə keçirilən görüşdə qadın qrupu mentorluğunun əsası sayılan “Qadın Özünəkömək Qrupu” Modelinin üstünlükləri və özəllikləri müzakirə edilib, “Dəfnə” Qadın Qrupu üzvlərinin iştirakı ilə modelin əsas aləti olan “Kəndin həssaslıq xəritəsi” hazırlanıb.
Görüş Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda İnnovasiya Əsaslı və Dayanıqlı Vətəndaş Cəmiyyətinin İnkişafı” layihəsi çərçivəsində AKQA MMC tərəfindən icra edilən “Smart qadınlar smart icmalar yaradır: Rəqəmsal gücləndirilmə, liderlik və şəbəkələşmə” təşəbbüsü çərçivəsində həyata keçirilib.