MƏDƏNİYYƏT
Kənd yaşıl turizmin inkişaf etdirilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçiriləcək
Bakı, 21 sentyabr, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyində nazir müavini Nazim Səmədovun iştirakı ilə keçirilən görüşdə Azərbaycanda kənd yaşıl turizmin inkişaf etdirilməsi, gələcəkdə görüləcək işlər və layihələr müzakirə edilib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə "Kənd Yaşıl Turizminin İnkişafına Dəstək" İctimai Birliyinin sədri Qəhrəman Yusupov cari ildə gördüyü işlər haqqında məlumat verərək sözügedən sahənin inkişaf etdirilməsi ilə bağlı birliyin üzvləri adından müvafiq təkliflərlə çıxış edib.
Görüş zamanı kənd yaşıl turizmin inkişaf etdirilməsi ilə bağlı nazirliyin dəstəyi ilə İctimai Birliyin dolğun informasiyaları özündə cəmləşdirən müvafiq saytının və kataloqunun yaradılması, kənd yaşıl turizminin təşviqi və kənd evləri sahibləri arasında turizmin bu növünün inkişaf etdirilməsi məqsədilə yerlərdə müvafiq təlim və seminarların təşkil edilməsi qərara alınıb.
Qeyd edək ki, 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yaradılmış "Kənd Yaşıl Turizminin İnkişafına Dəstək" İctimai Birliyinin əsas məqsədinə kənd qonaq evlərinin təşkili, kəndli təsərrüfatında məşğulluğun artırılması, yaşıl turizmin dəstəklənməsi, kənd yaşıl turizmə aid müvafiq tur və ekskursiyaların təşkili daxildir.