Kərkicahan şəhidlərinin xatirəsi anılıb
Gəncə, 28 dekabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncədə “Qarabağa dönüş” İctimai Birliyinin təşkilatçılığı ilə Xankəndi sakinlərinin müvəqqəti məskunlaşdığı qəsəbədə Kərkicahan şəhidlərinin anım tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə Kərkicahanda və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi yad olunub.
Çıxış edən Kərkicahan icra nümayəndəsi Dərgah Haqverdiyev ermənilərin törətdikləri vəhşiliklərdən, azərbaycanlılara qarşı həyata keçirilən soyqırımından danışıb. İcra nümayəndəsi Kərkicahanın son ana qədər ermənilərlə mübarizə aparan qəsəbələrdən olduğunu deyib: “Ermənilər hələ o zamanlar Kərkicahanı boğazlarında ilişib qalan sümük adlandırırdılar. Burada toplaşanlar arasında həmin günlərin canlı şahidləri var. Kərkicahan şəhidlərinin, bütün vətən uğrunda canından keçən şəhidlərin ruhunu dərin hörmətlə anırıq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yaxın vaxtlarda Azərbaycan bayrağının dədə-baba yurdumuz olan Xankəndidə də dalğalanacağına inanırıq,” - deyə D.Haqverdiyev əlavə edib.
Sonra çıxış edən natiqlər də Kərkicahan uğrunda döyüşlərdə 150 azərbaycanlı - 40 qadın və 110 kişinin şəhid olduğunu, həmin vaxt kəndin müdafiəsinin yerli əhali, polis və yenicə yaranmış Azərbaycan Ordusunun bir qrup əsgəri tərəfindən təşkil olunduğunu qeyd ediblər. Vurğulanıb ki, müdafiə qüvvələri Xankəndi istiqamətindən qəsəbəyə doğru hücuma keçən erməni silahlılarının istifadəsində hərbi texnika və ağır silahlar olduğundan, son nəticədə geri çəkilməyə məcbur oldular. Bununla belə, pis silahlanmış Azərbaycan əsgərləri bir müddət erməni silahlılarının hücumlarının qarşısını aldılar və bunun hesabına dinc əhali qəsəbədən çıxa bildi.
Çıxışlardan sonra Kərkicahan şəhidlərinin xatirəsinə həsr edilmiş abidəyə gül dəstələri qoyulub.