KİFAYƏT QASIMOVA CÜDO ÜZRƏ AVROPA ÇEMPİONATININ BÜRÜNC MEDALINI QAZANDI
AZƏRTAC xəbər verir ki, Belqradda cüdo üzrə Avropa çempionatı başlanmışdır. 45 ölkənin idmançısının qatıldığı yarışda baş məşqçi Ağayar Axundzadənin rəhbərlik etdiyi Azərbaycan yığma komandası da iştirak edir.
Qadınlar arasında Kifayət Qasımova (57 kq) ilk görüşdə serbiyalı Radmila Perisiç və isveçli Mariya Lindberq üzərində qələbə çalaraq dörddəbir finala vəsiqə qazanmışdır. Bu mərhələdə K. Qasımova Avstriya idmançısını məğlub etsə də, yarımfinalda İvon Bonişə (Almaniya) uduzaraq mübarizəni təsəlliverici görüşlərlə davam etdirmişdir.
Bu mərhələdə rusiyalı Natalya Yuxarevanı məğlub edən K. Qasımova qitə çempionatının bürünc medalına layiq görülmüşdür.
Kişilərin yarışında isə Nicat Şıxəlizadə (60 kq) ardıcıl olaraq Belarus, Çexiya və Sloveniya idmançılarına qalib gəlsə də, yarımfinal qarşılaşmasında məğlub olmuşdur. Mübarizəni təsəlliverici görüşlərdə davam etdirən Nicat israilli atletə uduzaraq 5-ci yeri tutmuşdur.
Ramil Qasımov (66 kq) isə Danimarka, Almaniya idmançılarını məğlub edərək, dörddəbir finalda serbiya cüdoçusuna məğlub olmuşdur. Üçüncü yer uğrunda mübarizədə ispaniyalı Penas Oskarı məğlub edən Azərbaycan cüdoçusu polşalı Tomaş Adamyekə uduzaraq mübarizəni dayandırmışdır.
Aprelin 7-də tatami üzərinə Elnur Məmmədli (73 kq), Mehman Əzizov (81 kq), Elxan Məmmədov (90 kq), Mövlud Mirəliyev (100 kq) və Şəhanə Alməmmədova (63 kq) çıxacaqlar.