KİTAB BAYRAMININ TƏNTƏNƏLİ AÇILIŞI
Kitab bayramını mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq demişdir: “Biz bu əlamətdar hadisənin iştirakçılarını beynəlmiləlçilik ənənələri, rus ədəbiyyatına və rus dilinə daimi ehtiramı və sevgisi ilə tanınan Bakı şəhərində salamlamağa olduqca şadıq. Festival bu ilin fevralında prezidentlər İlham Əliyev və Vladimir Putinin iştirakı ilə açılmış Azərbaycanda Rusiya İli çərçivəsində keçirilir”.
Ə.Qarayev Azərbaycan Prezidenti İlham Əliyevin festival iştirakçılarına təbrikini oxumuşdur.
İTAR-TASS-ın baş direktoru Vitali İqnatenko festivalı iki ölkənin mədəni həyatında yeni səhifə açan əlamətdar hadisə kimi qiymətləndirmişdir. Onun sözlərinə görə, kitab bayramına bu qədər adamın toplaşması Azərbaycan xalqının rus mədəniyyətinə hörmət və məhəbbətini qoruyub saxlamasından xəbər verir.
Festivalın açılışında rus və dünya ədəbiyyatının klassikləri Çingiz Aytmatov, Oljas Süleymenov, yazıçı Sergey Çuprınin də çıxış etmişlər.
Rusiya Prezidenti Vladimir Putinin festival iştirakçılarına təbriki oxunmuşdur.
Rusiya nümayəndə heyəti festivala müxtəlif mövzularda, o cümlədən hərbi, bədii-publisistik, detektiv və sair janrlarda 15 min kitab gətirmişdir. Kitabların bir hissəsi Heydər Əliyev Fonduna veriləcək, qalanı isə satışa çıxarılacaqdır. Əbülfəs Qarayev bildirmişdir ki, kitabların satışından əldə olunan vəsait uşaq kitabxanalarının inkişafına yönəldiləcək, qalan kitablar isə M.F.Axundov adına Milli Dövlət Kitabxanasına veriləcəkdir.