“Kitabi-Dədə Qorqud” dastanında qadın və kişi obrazları təhlil olunub - elmi seminar
Bakı, 23 oktyabr, AZƏRTAC
AMEA Folklor İnstitutunun “Dədə Qorqud” şöbəsində elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda şöbənin aparıcı elmi işçisi dosent Xuraman Kərimovanın “Kitabi-Dədə Qorqud” dastanında qadın və kişi obrazları: qəhrəmanlıq, ailə və sosial münasibətlər” mövzusunda məruzəsi dinlənilib. Alim dastandakı qadın və kişi obrazlarının qəhrəmanlıq xüsusiyyətlərini, ailə münasibətlərini, sosial mövqelərini, psixoloji yaşantılarını və mənəvi dəyərlərini müqayisəli şəkildə təhlil edib.
Məruzədə Salur Qazan, Bamsı Beyrək, Basat, Buğac və Uruz obrazlarının igidlik, cəsarət, sədaqət və liderlik xüsusiyyətləri, Dirsə xanın xatunu, Burla xatun, Banıçiçək və Selcan xatun obrazlarının isə iradəsi, müdrikliyi və mənəvi dözümlülüyü diqqətə çatdırılıb.
Xuraman Kərimova qadın obrazlarının ailə və məişət münasibətləri ilə məhdudlaşmadığını, hadisələrin inkişafına təsir göstərən, müstəqil qərarlar qəbul edən və zəruri hallarda döyüşlərdə iştirak edən fəal şəxsiyyətlər kimi təqdim olunduğunu bildirib. Banıçiçəyin Bamsı Beyrəklə güc və çeviklik sınaqlarında yarışması, Selcan xatunun Qanturalını xilas etməsi, Burla xatunun isə ailəsinin və elinin şərəfini qorumaq uğrunda mübarizəsi qadın qəhrəmanlığının səciyyəvi nümunələri kimi dəyərləndirilib.
Sonra şöbənin böyük elmi işçisi Gülxarə Əhmədova “Kitabi-Dədə Qorqud” dastanında obrazların poetik və semantik xüsusiyyətləri” mövzusunda məruzə edib. O, eposun əsas obrazlarının xarakterik cəhətlərini, simvolik mənalarını və bədii ifadə vasitələri ilə əlaqəsini təhlil edib. Məruzədə Dədə Qorqud, Qazan xan, Bamsı Beyrək, Banıçiçək, Burla xatun və Dəli Domrul obrazlarının semantik məzmunu müdriklik, qəhrəmanlıq, sədaqət, qadın iradəsi, ailə dəyərləri, ictimai məsuliyyət, ölüm və mənəvi dönüş anlayışları kontekstində nəzərdən keçirilib.