DÜNYA
KİV: Körfəz ölkələri Qəzzaya maliyyə yardımı etməyə hazırdır
![KİV: Körfəz ölkələri Qəzzaya maliyyə yardımı etməyə hazırdır](/files/2023/3/1200x630/17005566664988134553_1200x630.jpg)
Bakı, 21 noyabr, AZƏRTAC
Körfəz ölkələri Fələstin Milli Administrasiyasında islahatların həyata keçirilməsi şərti ilə müharibədən sonra Qəzza sektoruna maliyyə yardımı etməyə hazırdır.
AZƏRTAC İsrailin Kan agentliyinə istinadla xəbər verir ki, ərəb dövlətlərinin gözlədiyi dəyişikliklər, eyni zamanda, Fələstində rəhbərliyin dəyişməsini nəzərdə tutur. İsrailin təkrarlanan əməliyyatlarından sonra Qəzza sektorunun bərpasına xeyli vəsait xərcləyən Körfəz ölkələri sərmayələrinin yenidən boşa çıxacağından ehtiyatlanır.
Fələstin probleminin həlli istiqamətində İsrailin yol xəritəsinə razı olması maliyyə yardımının göstərilməsi üçün vacib şərtlərdən biridir. Ərəb ölkələrinin və İsrailin rəsmi şəxsləri hələ ki, bu məlumata şərh verməyib.
Müharibədən sonra Qəzza sektoruna mümkün maliyyə yardmı ilə bağlı Körfəz ölkələrinə müraciətin ABŞ da daxil olmaqla, digər ölkələrin yüksək vəzifəli məmurları tərəfindən edildiyi bildirilir.
Qeyd edək ki, noyabrın 18-də ABŞ Prezidenti Cozef Bayden “The Washington Post” qəzetində dərc olunan məqalədə Qəzza sektoru və İordan çayının qərb sahilindəki vəziyyətə nəzarət edəcək vahid Fələstin hökumətinin qurulması üçün Fələstin Milli Administrasiyasında islahatlara çağırıb. Onun fikrincə, həmin hökumətin qurulması “iki dövlət” prinsipinin reallaşmasına töhfə verəcək.