ELM VƏ TƏHSİL
Kiyevdə Nizami Gəncəviyə həsr olunan kitabın təqdimatı keçirilib




Kiyev, 9 dekabr, AZƏRTAC
Kiyevdə Regionlararası Kadrların İdarə Edilməsi Akademiyasında (RKİEA) Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəviyə həsr olunan, Ukrayna dilində nəşr edilən “Ağıl və Hikmət işığı” elmi əsərlər toplusunun təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində “Ağıl və Hikmət işığı” elmi əsərlər toplusunun təqdimatı Ukrayna-Türk Ortaq Mədəni İrsi, “Dostluq” Xarkov Regional Azərbaycan-Ukrayna Dostluq Cəmiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə reallaşıb.
Tədbir iştirakçıları konfransdan öncə Ümummilli Lider Heydər Əliyevin Akademiyanın qarşısındakı büstünə gül dəstələri qoyaraq onun əziz xatirəsini anıblar.
Təqdimat mərasimi Ukrayna və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Regionlararası Kadrları İdarəetmə Akademiyasının birinci prorektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Sergey Xrapaty, “Dostluq” Xarkov Regional Azərbaycan-Ukrayna Dostluq Cəmiyyətinin sədri, kitabın məsul redaktoru Murad Ömərov, Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinin müşaviri Sabir Rzayev, Albaniya Respublikasının Ukraynadakı fəxri konsulu, iqtisad elmləri doktoru Şahin Ömərov, Ukrayna Azərbaycanlıları Şurasının icraçı direktoru Elşad İbrahimov, Ukrayna İnsan Hüquqları üzrə Ali Radasının üzvü Vladimir Kondur, “Kiyev-Mohyla Akademiyası” Milli Universitetinin professoru, əsərlər toplusunun elmi redaktoru Fərhad Turanlı, həmçinin Ukrayna, Türkiyə və Azərbaycanın müxtəlif regionlarından tarix, arxeologiya, türkologiya, filologiya sahəsində tanınmış alimləri çıxış edərək bildiriblər ki, ümumbəşəri idealları əks etdirən Nizama Gəncəvinin “Xəmsə”si multikultural dəyərləri, ədaləti, elmin qüdrətini, sülh və rifahı təbliğ edib, Qərbdə Şərqin, Şərqdə Qərbin tanınmasına töhfə verib. Nizami Gəncəvinin bu ideyaları bu gün onun adını daşıyan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətində də öz əksini tapıb. Natiqlər qeyd ediblər ki, Azərbaycanda Nizami Gəncəviyə və onun irsinə həmişə böyük hörmət və ehtiramla yanaşılıb.
Bildirilib ki, Nizami irsinin təbliği istiqamətində Heydər Əliyev Fondu tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilir. Tədbirin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində keçirilməsi isə təsadüfi deyil, çünki Ulu Öndər ədəbiyyata, sözə, sənətə həmişə böyük önəm verib. Azərbaycan ilə Ukrayna arasında əməkdaşlığın inkişaf tarixinin böyük hissəsi də Heydər Əliyevlə bağlıdır. O, Azərbaycan-Ukrayna dostluq münasibətlərinin banisidir. Uğurlu xarici siyasəti sayəsində Azərbaycan Ukraynanın strateji tərəfdaşıdır.
Qeyd edək ki, elmi əsərlər toplusunun təqdimatı Dünya Azərbaycanlıları Beynəlxalq Fondunun dəstəyi ilə keçirilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev