SİYASƏT
Kiyevdə Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb
Kiyev, 10 may, AZƏRTAC
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Ulu Öndərin Kiyevdəki Heydər Əliyev adına parkda yerləşən abidəsinin önündə anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, anım mərasimində Azərbaycanın Ukraynadakı səfirliyinin kollektivi, “SOCAR Energy Ukraine” şirkətinin rəhbərliyi, GUAM-ın Katibliyi, Azərbaycanın Xarkovdakı fəxri konsulluğunun nümayəndələri, soydaşlarımız iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə tər çiçəklər düzüb, əziz xatirəsini yad ediblər.
Tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafında göstərdiyi misilsiz xidmətlərindən danışıblar. Bildirilib ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizin taleyinin və gələcəyinin müəyyən olunmasında həlledici rol oynayıb. Ümummilli Liderin bizə qoyub getdiyi güclü Azərbaycan bu gün onun layiqli davamçısı, Prezident İlham Əliyevin uğurlu, düşünülmüş siyasəti nəticəsində daha da güclənir, dünyada söz sahibinə çevrilir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev