Kiyevdə “Xoca” bədii filminin premyerası olub
Kiyev, 24 fevral, AZƏRTAC
Fevralın 23-də Kiyevdə Çapayev adına kinoteatrda “Xoca” bədii filminin premyerası olub. Premyera “Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu” Ümumukrayna İctimai Təşkilatı və Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatının təşəbbüsü ilə təşkil olunub.
“Xoca” filmi ANS şirkətlər qrupunun prezidenti, rejissor Vahid Mustafayevin 2012-ci ildə “Bakıfilm” kinostudiyasında çəkdiyi, Xocalı soyqırımına həsr edilən filmdir. Ekran əsərində iki cütlüyün Qarabağ müharibəsi illərində faciəli taleyindən bəhs edilir.
Azərbaycanın Kiyevdə diplomatik nümayəndəliyinin sifarişi ilə film Ukrayna dilinə tərcümə edilib.
Filmin nümayişindən əvvəl çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli bildirib ki, Xocalı faciəsi də “Qara yanvar” və tariximizdəki digər qanlı hadisələr kimi xalqımızın ürəyində sağalmaz yara olub. Lakin bu hadisələr həm də xalqımızı vətənpərvərliyə səsləyib, azərbaycanlı əsgərlərin və zabitlərin düşmənlə - erməni işğalçıları ilə mübarizə ruhunu yüksəldib. Diplomat vurğulayıb ki, Xocalı soyqırımı tarixçilər, jurnalistlər, yazıçılar, rəssamlar, kinematoqraflar üçün həmişə aktual mövzu olacaq.
Səfir Azərbaycanın Xarkovda fəxri konsulu Əfqan Salmanova, diaspor təşkilatlarına Xocalı soyqırımının 23-cü ildönümü münasibətilə Ukraynada keçirilən tədbirlərə görə təşəkkürünü bildirib. O, həmçinin tədbir iştirakçılarını “Fairmont” otelində Xocalı soyqırımına həsr edilən konsert-rekviyemə və sərgiyə dəvət edib.
E.Mədətli Azərbaycanın və Ukraynanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş övladlarının nurlu xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasını xahiş edib.
“Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu” Ümumukrayna İctimai Təşkilatının sədri Hikmət Cavadovun və şeyx Şakir Yəhyayevin çıxışından sonra “Xoca” filmi nümayiş etdirilib.
Tədbirdə Azərbaycan səfirliyinin, Kiyev ictimaiyyətinin, diaspor təşkilatlarımızın nümayəndələri, tələbələr iştirak ediblər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev