SİYASƏT
Kiyevdəki səsvermə məntəqəsi Zəfər seçkilərinə tam hazırdır – AZƏRTAC-ın VİDEOREPORTAJI
Kiyev, 6 fevral, AZƏRTAC
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Ukraynadakı səfirliyində yaradılan seçki məntəqəsi səsverməyə tam hazırdır.
Məntəqə seçki komissiyasının katibi Fərid Babayev AZƏRTAC-a bildirib ki, Seçki Məcəlləsinin maddələrinə uyğun olaraq 17 saylı Yasamal üçüncü seçki dairəsinin 49 saylı seçki məntəqəsində səsvermə üçün bütün hazırlıqlar görülüb. Fevralın 7-də yerli vaxtla səhər saat 08:00-dan 19:00-dək vətəndaşlarımız səsvermədə iştirak edə biləcəklər.
“Vətəndaşlarımızın azad şəkildə səsvermə hüququndan istifadə etmələri üçün tam şərait yaradılıb. Təxminən 600-ə qədər Azərbaycan vətəndaşının səsvermədə iştirak edəcəyi gözlənilir. Ukraynada müharibə şəraiti və mövcud vəziyyət nəzərə alınaraq, səfirlik tərəfindən təhlükəsizlik tədbirləri görülüb”, - deyə Fərid Babayev əlavə edib.
Ukrayna Azərbaycanlıları Radasının icraçı direktoru Elşad İbrahimov isə AZƏRTAC-a açıqlamasında deyib ki, bu seçkilər əvvəlkilərdən fərqlənir.
“İlk dəfə olaraq Azərbaycanın işğaldan azad olunan ərazilərində də səsvermə keçiriləcək. Ukraynada yaşayan Azərbaycan vətəndaşları Zəfər seçkilərində iştirak etməkdən qürur duyurlar. Müharibə şəraitinə baxmayaraq, Ukraynanın bütün bölgələrindən, o cümlədən İvano-Frankovski, Odessa, Krivoy-Roq, Xarkov, Lvovdan vətəndaşlarımızın gələrək səsvermədə iştirak edəcəkləri barədə məlumatlar almışıq. Eyni zamanda, bu ölkədə ezamiyyətdə olan və təhsil alan tələbələrimiz də səsverməyə qatılacaqlar”, - deyə Elşad İbrahimov diqqətə çatdırıb.
Qeyd edək ki, səsvermə prosesini canlı izləmək üçün seçki məntəqəsində veb-kamera quraşdırılıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev