Klublararası dünya çempionatı: “İnter Mayami” pley-off mərhələsinə yüksəlib


Bakı, 24 iyun, AZƏRTAC
ABŞ-ın “İnter Mayami” və Braziliyanın “Palmeyras” klubları FIFA klublararası dünya çempionatının pley-off mərhələsinin növbəti iştirakçıları olub.
AZƏRTAC xəbər verir ki, bu iki komanda qrup mərhələsinin üçüncü turunda üz-üzə gəlib. A qrupuna təsadüf edən oyun 2:2 hesabı ilə başa çatıb. 80-ci dəqiqəyə qədər “Palmeyras” rəqibinə iki top fərqi ilə uduzsa da, məğlubiyyətdən xilas ola bilib.
Bu qrupun digər matçı isə daha məhsuldar alınıb. Portuqaliyanın “Portu” və Misirin “Əl-Əhli” klublarının görüşündə qapılara 8 top vurulub. Qarşılaşma 4:4 hesablı heç-heçə ilə yekunlaşıb.
Bu nəticələrdən sonra “Palmeyras” və “İnter Mayami” hərəyə 5 xalla 1/8 finala yüksəlib. Növbəti mərhələdə "İnter Mayami" Çempionlar Liqasının hazırkı qalibi olan PSJ ilə qarşılaşacaq. "Palmeyras" isə Libertadores Kubokunun son qalibi "Botafoqo"nu sınağa çəkəcək.
Bundan əvvəl Almaniyanın “Bavariya”, Braziliyanın “Flamenqo”, İngiltərənin “Mançester Siti” və İtaliyanın “Yuventus” klubları 1/8 finala vəsiqəni təmin etmişdi. Pley-off mərhələsinin ilk oyunları iyunun 28-dən iyulun 1-dək keçiriləcək.
Klublararası dünya çempionatı ilk dəfədir ki, yeni formatda keçirilir və turnirdə 32 komanda səkkiz qrupa bölünərək mübarizə aparır. Hər qrupda iki ən yaxşı komanda 1/8 finala yüksəlir. Final qarşılaşması iyulun 13-də keçiriləcək.