KOBİA-nın sədri: Gömrük prosedurlarının optimallaşdırılması biznes mühitinin inkişafına xidmət edir VİDEO
Bakı, 13 may, AZƏRTAC
Müasir dünyada iqtisadi inkişafın əsas amillərindən biri ixrac imkanlarının genişləndirilməsi və effektiv logistika sistemlərinin qurulmasıdır. Şəhərlər artıq təkcə inzibati mərkəz deyil, həm də iqtisadi inkişaf və beynəlxalq əməkdaşlıq platformalarıdır.
AZƏRTAC xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “Şəhərlərdən sərhədsiz ticarət: İxrac və logistika forumu”nda deyib.
O bildirib ki, Azərbaycanın strateji coğrafi mövqeyi ölkəni regionun mühüm logistika və ticarət mərkəzinə çevirmək potensialına malikdir: “Sərhədyanı ticarətin asanlaşdırılması, gömrük prosedurlarının optimallaşdırılması və rəqəmsal həllərin tətbiqi biznes mühitinin inkişafına xidmət edir. Dövlət-özəl tərəfdaşlığı isə daha çevik və rəqabətli logistika ekosisteminin formalaşmasına şərait yaradır”.
Orxan Məmmədov vurğulayıb ki, KOB-lar yerli istehsalın və ixracın genişlənməsində mühüm rol oynayır: “Dövlət tərəfindən maliyyə dəstəyi, ixrac təşviqləri, təlimlər və bazarlara çıxış imkanları sahibkarların beynəlxalq bazarlarda mövqeyini gücləndirir”.
O qeyd edib ki, KOB-ların qarşısında beynəlxalq standartlara uyğunlaşma, rəqəmsallaşma və ixtisaslı kadr çatışmazlığı kimi çağırışlar qalır: “KOBİA isə qrant proqramları, startap dəstəyi, beynəlxalq əməkdaşlıq və “yaşıl iqtisadiyyat” təşəbbüsləri ilə sahibkarların inkişafına dəstək verir”.
Bildirilib ki, forumda səslənən fikirlər yeni tərəfdaşlıqlara və strateji layihələrin reallaşmasına töhfə verəcək.