KOICA ilə Naxçıvan Dövlət Universiteti arasında elektron avadanlıqların təhvil-təslim mərasimi keçirilib
Bakı, 22 dekabr, AZƏRTAC
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan nümayəndəliyi ilə Naxçıvan Dövlət Universiteti (NDU) arasında “Elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması layihəsi”nin Davam proqramı çərçivəsində elektron avadanlıqların təhvil-təslim mərasimi keçirilib.
KOICA-dan AZƏRTAC-a bildiriblər ki, proqramı 2013-2015-ci illərdə KOICA və NDU arasında 3,5 milyon ABŞ dolları məbləğində qrantla həyata keçirilən “Naxçıvan Dövlət Universiteti üçün Elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsinin davamı olaraq reallaşıb.
Davam proqramının həyata keçirilməsinə dair 2018-ci il iyunun 8-də imzalanmış Anlaşma Memorandumuna əsasən, KOICA tərəfindən layihəyə 144 min ABŞ dolları məbləğində qrant ayrılıb. Proqram çərçivəsində yaradılmış Akademik İdarəetmə Sisteminin aktual problemləri koreyalı mütəxəssislər tərəfindən dəyərləndirilib, sistemdən səmərəli istifadə və sabitlik üçün köhnəlmiş avadanlıqlar müasir avadanlıqlarla əvəz edilib.
KOICA Azərbaycan nümayəndəliyinin direktoru xanım Park Kumok və NDU-nun rektoru Elbrus İsayev onlayn formatda rəsmi təhvil-təslim mərasimində iştirak ediblər. Xanım Park çıxışı zamanı Davam proqramının uğurlu icrası üçün hər kəsə təşəkkür edib və bu proqramın sistemdən istifadəni təşviq edəcəyinə və NDU Təhsil İnformasiya Sistemini daha da inkişaf etdirəcəyinə inandığını bildirib.
Elbrus İsayev də çıxış edərək, son bir neçə il ərzində idarəetmə səmərəliliyinin artırılması və tələbələr üçün onlayn təhsil xidmətinin göstərilməsi məqsədilə Elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılmasında KOICA ilə davamlı əməkdaşlığın aparılmasının universitet üçün əhəmiyyətini qeyd edib.
Davam proqramı çərçivəsində Naxçıvan Dövlət Universiteti modernləşdirilmiş avadanlıqla təmin olunub. Bu avadanlıqlar vasitəsilə universitet, xüsusən COVID-19 pandemiyasının geniş vüsət alması səbəbindən aktivləşən distant təhsil zamanı tələbələrə daha sabit xidmətlər göstərə bilər.