Kollecdə və xəstəxanada uşaq hüquqlarına həsr olunan tədbirlər keçirilib
Bakı, 21 noyabr, AZƏRTAC
Sabunçu Rayon İcra Hakimiyyəti və Qızıl Aypara Cəmiyyəti rayon bölməsinin birgə təşkilatçılığı ilə Bakı Dövlət Sosial-İqtisad Kollecinin akt zalında “Uşaq hüquqları aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə ölkəmizdəki İnsan Hüquqları üzrə müvəkkilin (Ombudsman) uşaq hüquqları üzrə ixtisaslaşmış müşaviri Nigar Ağayeva, Qadınlar Cəmiyyətinin sədri Bahar Qasımova, Sabunçu Rayon İcra Hakimiyyətinin Səbahət Hünbətova və Qızıl Aypara Cəmiyyəti Sabunçu rayon bölməsinin sədri Elmira Məlikova çıxış edərək uşaq hüquqlarından, müharibə şəraitində yaşayan və əziyyət çəkən uşaqların pozulmuş hüquqlarından, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsindən söhbət açıblar. Tədbirdə Füzuli rayonundan olan 5 nömrəli köçkün məktəbinin şagirdləri bədii-ədəbi kompozisiya ilə çıxış ediblər.
Başqa bir tədbir Respublika Uşaq Kliniki Xəstəxanasında keçirilib. Xəstəxanada seminar zamanı Qızıl Aypara Cəmiyyəti “İcmaya əsaslanan sağlamlıq” proqramının əlaqələndiricisi Məlahət Qaraxanova həkim-pediatrlara uşaq hüquqları barədə geniş məlumatlar verib, onları Uşaq Hüquqları Konvensiyasına daxil edilən maddələrlə tanış edib.