SİYASƏT
KÖLNDƏ AZƏRBAYCAN QADININA HƏSR EDİLMİŞ “ƏNƏNƏ VƏ EMANSİPASİYA ARASINDA” ADLI TƏDBİR KEÇİRİLMİŞDİR
Berlin, 25 noyabr (AZƏRTAC). Noyabrın 20-də Köln şəhəri Lev Kopelev Forumunda Azərbaycan qadınına həsr edilmiş “Ənənə və emansipasiya arasında” adlı tədbir keçirilmişdir.
Musiqili-ədəbi xarakterli, fikir mübadiləsi şəraitində keçən tədbir Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi və Köln şəhər bələdiyyəsinin mədəniyyət şöbəsi tərəfindən təşkil olunmuş, Azərbaycanın bu ölkədəki səfirliyi, EuroKaukAsia e.V.,GEDOK (Alman qadın sənətkarları birliyi) tərəfindən dəstəklənmişdir.
Köln şəhər bələdiyyəsi mədəniyyət şöbəsinin müdiri Yohannes Bunk tədbiri açdıqdan sonra AAKM-in icraçı direktoru xanım Samira Patzer-İsmayılova qonaqları salamlamışdır. Gecəni Almaniyanın aparıcı televiziya və radio şirkətinin nümayəndəsi jurnalist Annette Haqer idarə etmişdir.
Üç hissədən ibarət axşam “Azərbaycan qadını öz gözü ilə və Avropa kontekstində” mövzusu ətrafında qurulan söhbət və müzakirə ilə başlanmışdır. Məruzəçilər Azərbaycan qadınının rolunun nəinki ölkənin ictimai həyatında, hətta onun hüdudlarından kənarda belə artmasından danışmışlar.
EuroKaukAsia e.V-nin sədri, Berlin Humboldt Universitetinin professoru xanım Dr. Eva-Maria Aux, Potsdam Universitetinin professoru, DAF e.V. sədrinin müavini Dr.Furman, Köln musiqi Akademiyasının dosenti, pianoçu, Köln və Vuppertal GEDOK-un üzvü Elnara İsmayılova bu söhbət və müzakirədə öz fikirlərini açıqlamışlar.
İkinci hissədə Azərbaycandan gəlmiş qonaq, Diasporla İş üzrə Dövlət Komitəsinin nəzdində çıxan „Ölkəm“ jurnalının redaktoru, yazıçı Günel Rzayeva məruzə etmiş və suallara cavab vermişdir.
Üçüncü hissə ədəbiyyat və incəsənət sahəsində fəaliyyət göstərən qadınların çıxışı ilə davam etmişdir. Vuppertal GEDOK-un sədri xanım Krista Müllerin nitqi maraqla qarşılanmışdır. Sonra ədəbiyyatşünas və aktrisa xanım Cudit Genske Günel Rzayevanın Dağlıq Qarabağ hadisələrindən bəhs edən “Ağac” hekayəsindən parçalar oxumuşdur. Pianoçu E.İsmayılova isə Firəngiz Əlizadə və Sevda İbrahimovanın əsərlərini ifa etmişdir. Qadın rəssamlarımızdan - Marqarita Sokolova-Kərimova, Ofeliya İmanovanın rəsmləri nümayiş olunmuşdur.
Tədbiri yekunlaşdıran AAKM-in icraçı direktoru xanım Samira Patzer-İsmayılova Azərbaycan qadınının müasir dövrdə əldə etdiyi müvəffəqiyyətlərə bariz nümunə kimi Azərbaycan Respublikasının birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın siyasi, ictimai, mədəni və s. sahələrdə yaradıcı fəaliyyəti haqqında məlumat vermişdir.
Samira Patzer-İsmayılova qonaqları “Vahid Azərbaycan“ cəmiyyətinin dəstəyi ilə hazırlanmış Azərbaycan mətbəxi guşəsinə dəvət etmişdir.
Bu tədbir Avropa ictimaiyyəti qarşısında Azərbaycan qadınının simasını işıqlandırmaq sahəsində irəli atılan daha bir addım olmuş və alman ictimaiyyətində böyük rezonans doğurmuşdur. Tədbirdən sonra AAKM-in ünvanına saysız-hesabsız təbrik məktubların gəlməsi buna sübutdur.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
######