Komissiya üzvləri Zaqatala və Lənkəran meşələrində araşdırma aparmışlar
Bakı, 18 oktyabr (AZƏRTAC). Meşələrin qırılması ilə bağlı yayılmış məlumatların həqiqətə uyğun olub-olmadığını yoxlamaq məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət komissiya yaradılmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, komissiya üzvləri Zaqatala rayonunun Car meşəbəyiliyinin Mişleş, Muğanlı meşəbəyiliyinin Əlibayramlı və Muğanlı, Əliabad meşəbəyiliyinin Qımır və Əliabad kəndləri, eləcə də Katex və Alazan çayları yaxınlığındakı meşə ərazilərində geniş araşdırma aparmış və aktlaşdırılmamış 12 ağacın kəsildiyini müəyyən etmişlər. Təbiətə dəymiş ziyan meşə gözətçiləri tərəfindən ödənilmişdir.
KİV-də yayılan məlumatda isə Zaqatala meşələrində 320 ağacın özbaşına kəsilməsi qeyd olunur. Halbuki nazirliyin müfəttişləri tərəfindən 2010-cu ildə aparılmış reydlər zamanı Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin xidməti ərazisində 320 yox, 1008 müxtəlif cinsli ağacın özbaşına kəsilməsi faktı aşkar olunaraq protokollaşdırılmış, 7 min 647 manat məbləğində dəymiş ziyan təqsirkarlar tərəfindən ödənilmişdir.
Bundan başqa, komissiya üzvləri tərəfindən rayonun Aşağı Tala, Əlibayramlı, Muğanlı və Mazıx kəndlərindəki sənaye təyinatlı ağac emalı sexlərinə baxış keçirilmiş və həmin sexlərdə yerli meşə materiallarının olmadığı, sexlərin isə uzun müddət fəaliyyət göstərmədiyi müəyyən edilmişdir.
Eyni zamanda, Lənkəran meşələrində də araşdırma aparılmış, burada meşəbərpa tədbirlərinin həyata keçirildiyi, sahələrdə ağac tinglərinin əkildiyi və meşələrin ciddi şəkildə mühafizə olunduğu müəyyən edilmişdir.