Komitə rəsmisi: Yetmişədək qadının təqdim etdiyi biznes plan layihə tərəfindən maliyyələşdirilib
Bakı, 17 aprel, AZƏRTAC
"Cənubi Qafqazda qadınların iqtisadi səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində Qadın Resurs mərkəzlərində iki minədək artıq qadın qeydiyyatdan keçib. 1000-dən çox qadın təlimlər keçərək əmək bazarına qatılıb, 70-dək qadının təqdim etdiyi biznes plan layihə tərəfindən maliyyələşdirilib.
AZƏRTAC xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin müdir müavini Səbinə Talışinskaya aprelin 17-də Bakının Xəzər rayonundakı Qadın Resurs Mərkəzində İsveçrənin Beynəlxalq Əməkdaşlıq üzrə Məşvərət Komissiyasının Prezidenti Feliks Gutzvillerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə səsləndirib.
Dövlət komitəsinin rəsmisi bildirib ki, "Cənubi Qafqazda qadınların iqtisadi səlahiyyətləndirilməsi” adlı layihə BMT-nin İnkişaf Proqramının (BMT İP) İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin maliyyə dəstəyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə həyata keçirilir.
Qeyd olunub ki, layihənin 2022-ci ilin əvvəlindən başlanmış ikinci mərhələsi Bakının Xəzər, həmçinin Sabirabad, Qusar və Füzuli rayonlarını əhatə edir. Ötən müddətdə bu rayonlarda layihənin dəstəyi ilə qadın resurs mərkəzləri açılıb və fəaliyyət göstərir. Bu mərkəzlər regionlarda aztəminatlı və sosial cəhətdən təcrid olunmuş qadınların iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına, öz bizneslərini qurmalarına dəstək verir. Burada peşələrə yiyələnmək və sərbəst qərarlar vermək əsas götürülür.