Komitə sədri: Qərbi Azərbaycan ərazisində xalqımıza məxsus mədəni irsə sahib çıxmalıyıq
Bakı, 12 iyun, AZƏRTAC
Vətən müharibəsində qazandığımız Zəfər işğaldan azad olunan ərazilərə məcburi köçkünlərimizin qayıdışını təmin etməklə bərabər, həm də bizim Qərbi Azərbaycan torpaqlarına qayıdışımızın təməlini qoyub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin Mədəniyyət komitəsinin təşkilatçılığı ilə keçirilən "Qərbi Azərbaycan: soyqırımına məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda ictimai dinləmədə çıxışı zamanı deyib.
O bildirib ki, Zəfərdən sonra qarşıda duran əsas məsələ Qərbi Azərbaycana qayıdışdır. Bizim bir millət, xalq olaraq haqqımız var ki, ata-baba torpaqlarına geri dönək. Qərbi Azərbaycan ərazisində xalqımıza məxsus olan və min illər boyu əcdadlarımızın yaratdığı mədəni irsə sahib çıxmalıyıq. Prezident İlham Əliyev İcma nümayəndələri ilə görüşündə onu da xüsusi vurğuladı ki, Qərbi Azərbaycan İcmasının çox mötəbər bir rəqəmsal platforması olmalıdır. Orada həm tarixi həqiqətlər, həm tarixi abidələrimiz, ermənilər tərəfindən dağıdılan saraylar, məscidlər, şəhərlər, Azərbaycan tarixi irsinin silinməsi ilə bağlı olan faktlar öz əksini tapmalıdır. Tarixi faktdır ki, azərbaycanlılar bir vaxtlar mütləq əksəriyyət təşkil etdikləri Ermənistandan tamamilə qovulublar. Onların indiki Ermənistan ərazisindəki tarixi və mədəni irsi, o cümlədən məscidləri və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb. “Azərbaycanlılara məxsus 500 qəbiristanlıq, 391 məscid, 68 tarixi, 7 memarlıq abidəsi erməni vandalları tərəfindən dağıdılıb. Ermənistandakı Azərbaycan mədəni irsinin demək olar hamısı hərbi əməliyyatların təsiri olmadan, əvvəlcədən planlaşdırılmış şəkildə məhv edilib. Ermənistanın azərbaycanlıların mədəni irsinə qarşı törətdiyi qanunsuzluqlara irs nümunələrinin mənimsənilməsi və təhrif edilməsi də daxildir", - deyə komitə sədri vurğulayıb.
Ə.Əmiraslanov, həmçinin qeyd edib ki, Ermənistanda salamat qalmış yeganə məscid olan İrəvandakı Göy məscid qəsdən yanlış şəkildə “fars məscidi” kimi təqdim edilir. Əslində, məscidi inşa edən və əsrlər boyu orada ibadət edənlər o vaxt şəhərdə mütləq əksəriyyət təşkil etmiş azərbaycanlılar olublar. Ermənistan hökuməti orada Azərbaycan mədəniyyətinin son izlərini silməkdə davam edir. İrəvan şəhərinin Təpəbaşı məhəlləsi şəhərin tarixi mərkəzinin bu günə qədər gəlib çatmış yeganə parçasıdır. Bu məhəllə XVII əsrdən bu günə qədər İrəvanın tarixi yaddaşını özündə saxlayır. Tarixən azərbaycanlıların məskunlaşdığı Təpəbaşı məhəlləsi indi məhv olmaq təhlükəsi altındadır. Ermənistanın ayrı-seçkilik və etnik təmizləmə siyasəti Azərbaycanın qeyri-maddi mədəni irsinə də dağıdıcı təsir göstərib.