Kommersiya hüquqi şəxslərin qeydiyyatı məsələlərinə həsr edilmiş görüş keçirib
Bakı, 23 dekabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) konsaltinq şirkətləri ilə növbəti onlayn görüş keçirib.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, DVX-nin Dövlət qeydiyyatı baş idarəsinin şöbə rəisi Leyla Hüseyn-zadə “Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı, bu sahədə aparılan islahatlar” mövzusunda təqdimatla çıxış edərək ölkəmizdə biznes mühitinin təkmilləşdirilməsi sahəsində görülmüş işlər və əldə olunmuş nəticələr barədə məlumat verib, “Bir pəncərə” sistemi, biznesin qeydiyyatı ilə bağlı tətbiq olunan təcrübə barədə danışıb.
2008-ci ildən başlayaraq qeydiyyatın sadələşdirilməsi istiqamətində görülmüş işlər, əldə edilmiş nailiyyətlər, sahibkarlıq subyektlərinin qeydiyyatına dair statistikada artım, hüquqi və fiziki şəxslərin fəaliyyəti üçün yaradılmış imkanlar görüş iştirakçılarının diqqətinə çatdırılıb.
Görüşdə “Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsi barədə məlumat verilib.
Qeyd olunub ki, müvafiq qanunvericilik, startaplar üçün rəqəmsal dövlət xidmətləri və məlumatların şəffaflığı, praktikada biznesə daxilolmanın effektivliyi istiqamətində qiymətləndirmə istiqamətləri müəyyənləşdirilib.
Qiymətləndirmə əhalinin sayına görə respublikamızın ən böyük şəhərində - Bakıda aparılacaq və hədəf kimi təşkilati-hüquqi formasına görə çoxluq təşkil edən məhdud məsuliyyətli cəmiyyətlər seçiləcək.