SİYASƏT
KONSTANTİNOPOL PATRİARXI I VARFOLOMEY AZƏRBAYCANA GƏLMİŞDİR
Aprelin 16-da Konstantinopol Patriarxı, zati-müqəddəsləri I Varfolomey ölkəmizə səfərə gəlmişdir.
Binə beynəlxalq hava limanında hörmətli qonağı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Rafiq Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə, digər din xadimləri və rəsmi şəxslər qarşıladılar.
Patriarx I Varfolomey respublika televiziyasına qısa müsahibəsində dedi: “Azərbaycana gəlməyimizdən böyük məmnunluq duyur, bu imkana görə təşəkkür edirik. Bu səfər dinlərarası dialoq çərçivəsində keçirilir. Azərbaycandan əvvəl üç müsəlman ölkəsini ziyarət etmişik. Bütün fəaliyyətimizin məqsədi müxtəlif dinlərə mənsub olan insanların bir-birini daha yaxşı tanımasına, bəşəriyyətin əmin-amanlıqda yaşamasına kömək etməkdir.
Mehribanlıqla qarşılandığımıza görə təşəkkür edir, hörmətli Prezident Heydər Əliyev başda olmaqla bütün Azərbaycan xalqına məhəbbətimi və xeyir-dualarımı bildirirəm”.
X X X
Zati-müqəddəsləri Patriarx I Varfolomey elə həmin gün Şəhidlər xiyabanını ziyarət edərək, vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş Azərbaycan övladlarının xatirəsini ehtiramla andı, “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.
X X X
Həmin gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində zati-müqəddəsləri Patriarx I Varfolomey ilə görüş keçirilmişdir.
Komitənin sədri Rafiq Əliyev hörmətli qonağı və onu müşaiyət edən şəxsləri salamlayaraq, başçılıq etdiyi qurumun işi barədə məlumat verdi, ölkəmizin dini konfessiyalarının qarşısında duran vəzifələrdən danışdı. O dedi ki, biz Patriarxi Bakıya ölkəmizdəki dini konfessiyalarının - müsəlman, xristian və yəhudi konfessiyalarının nümayəndələri ilə görüşmək və dialoq yaratmaq üçün dəvət etmişik. Dialoqumuz getdikcə güclənir və artıq dünya miqyası alır. Bakı dinlərin dialoq mərkəzinə çevrilir. Biz buna nail olmağa çalışırıq və ali dini rəhbərləri bu dialoqa dəvət edirik. İndiyədək bütün əsas konfessiyaların ali nümayəndələri Azərbaycana səfər etmişlər. Rus Pravoslav kilsəsinin başçısı II Aleksi, Roma Papası İoann II Pavel ölkəmizdə olmuş, Rusiya ravvini Ben Lazar Bakıda sinaqoqun açılış mərasiminə gəlmişdir. Bu gün isə Patriarx I Varfolomey qonağımızdır.
Rafiq Əliyev vurğuladı ki, bizcə, dini əqidələrdəki fərqlərə baxmayaraq, ancaq bu cür dialoq sayəsində bir-birimizi başa düşə bilər, dünya birliyini düşündürən bir çox ümumi problemləri tapa bilərik. Bunlar ekologiya, QİÇS, narkomaniya və din xadimlərinin müzakirə obyekti ola biləcək digər sosial problemlərdir. Biz bilirik ki, konfessiya mənsubiyyətindən asılı olmayaraq, cəmiyyətdə baş verən hadisələrə görə din xadimləri də məsuliyyət daşıyırlar. Çünki din mənəviyyat və əxlaq deməkdir. Buna görə də cəmiyyətin onlardan təkcə dinlərin deyil, insanların da dinc yanaşı yaşamasına əlindən gələn köməyi göstərməyi tələb etməyə haqqı var.
Patriarx I Varfolomey Azərbaycanda heç vaxt dini zəmində münaqişələr baş vermədiyindən xəbərdar olduğunu söylədi, müxtəlif dinlərin dinc yanaşı yaşaması üçün şərait yaradılmasında Prezident Heydər Əliyevin böyük xidmətlərini vurğuladı.
Patriarx dedi: Biz sizin gözəl, qədim ölkənizə təkcə dialoq üçün deyil, həm də dövlətlə dini təşkilatlar arasında münasibətləri necə qurmağı və dini konfessiyaların özlərinin qarşılıqlı münasibətlərini necə tənzimləməyi Azərbaycanın təcrübəsində öyrənmək üçün gəlmişik. Sizin Konstitusiyanızda heç bir din üçün üstünlük nəzərdə tutulmur, onların hamısı qanun qarşısında bərabərdir, halbuki, qonşu ölkələrdə belə şey yoxdur.
Görüşün sonunda zati-müqəddəsləri Patriarx I Varfolomey komitə sədrinə xatirə hədiyyələri təqdim etdi.
X X X
Patriarx I Varfolomey daha sonra baş kafedral kilsədə olmuşdur.
Burada Patriarx I Varfolomeyin və Bakı və Xəzəryanı bölgə yepiskopu Aleksandrın iştirakı ilə bayram ibadəti keçirildi.
Sonra Alesksandr ata bu məbədin bərpasından danışdı, öz yeparxiyası ustalarının hazırladığı xatirə hədiyyələrini Patriarxa təqdim etdi.
Patriarx I Varfolomey gözəl və qədim ölkəmizə gəlməyinə şad olduğunu bildirərək dedi ki, məqsədimiz təkcə bir çox mürəkkəb dini məsələlərdə qarşılıqlı anlaşmaya nail olmaq deyil, həm də daha sıx münasibətlər yaratmaqdır. Dini etiqad fərqləri insanları bir-birindən ayırmamalıdır, ünsiyyət münaqişələrin aradan qaldırılmasında yardımçımız ola bilər. Səfərimizin başlıca məqsədi öz baxışlarımızı buradakı müxtəlif dinlərin nümayəndələri ilə bölüşməkdir.
İbadət başa çatdıqdan sonra Patriarx iştirakçılara xeyir-dua verdi və onlara boyundan asılan xaç bağışladı. O, müqəddəs apostol Varfolomeyin qurumuş cəsədinin bir hissəsini və onun təsviri olan ikonanı kilsəyə hədiyyə etdi.